Küveyt Dövlətinin Əbdülhüseyn Əbdülrıda Teatrında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Baku Chamber Orchesta” gənclər kamera orkestrinin konserti keçirilib. Konsert Azərbaycanın Küveytdəki səfirliyinin təşəbbüsü və təşkilatçılığı, Küveytin Mədəniyyət, İncəsənət və Ədəbiyyat üzrə Milli Şurasının, “Küveyt-Azeri Est.” və “Wataniya Airways” şirkətlərinin dəstəyi ilə baş tutub. Bu barədə NUHÇIXAN-a səfirlikdən məlumat verilib.
Səfir Elxan Qəhrəman tədbirdə çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının həm Azərbaycan, həm də bölgə üçün əhəmiyyətindən, respublikanın qısa müddətdə qazandığı nailiyyətlərdən, beynəlxalq miqyasda tanınması istiqamətində apardığı mübarizədən, habelə Azərbaycan xalqının 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra Cümhuriyyətin ideallarını davam etdirərək bu tarixi varislik üzərində yeni müstəqil Azərbaycan dövlətini yaratmasından danışıb.
Sonra orkestrin ifasında Azərbaycanın və Küveytin dövlət himnləri səsləndirilib. Konsertdə Qara Qarayev, Niyazi, Fikrət Əmirov, Tofiq Quliyev, Fərhad Bədəlbəyli, Aqşin Əlizadə, habelə tanınmış Qərb bəstəkarlarının əsərləri ifa olunub. Xalq Artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə baş tutan konsertdə solistlər qismində Xalq artistləri Yeganə Axundova, Mənsum İbrahimov, Əməkdar artistlər Elçin Həşimov, Elnur Əhmədov, gənc ifaçılar - beynəlxalq müsabiqələr laureatları Mahir Tağızadə, Ümidə Abbasova, Aytən İbrahimova, Fuad Əlizadə, respublika müsabiqələr laureatı Orxan Cəlilov və muğam televiziya müsabiqəsinin qalibi Sədəf Budaqova çıxış ediblər.
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.