Uşaq Kədərindən Milli Qürura Uzanan Yol

A- A A+

12 Yaşın yaddaşı...

2003-cü il dekabrın 12-si Azərbaycan tarixinin həm siyasi, həm də emosional baxımdan ən ağır günlərindən biri kimi yadda qaldı. Həmin gün Heydər Əliyevin vəfat xəbəri ölkəyə yayıldı. O dövrdə cəmi 12 yaşı olan minlərlə uşaq kimi, məndə bu xəbəri uşaq təəssübü ilə deyil, sanki böyük bir itki kimi qəbul etdim.

Bir uşağın dövlət başçısına görə ağlaması təsadüf deyildi. Bu, cəmiyyətin formalaşdırdığı və illərlə gücləndirdiyi inamın, təhlükəsizlik hissinin, sabitlik gözləntisinin sarsılması idi. Ulu öndər Heydər Əliyev təkcə siyasətçi deyildi; 1990-cı illərin çətinliyində ölkəni dağılmaqdan xilas edən lider, sabitliyin simvolu idi.

Uşaqlar üçün sabitlik hər şeydən önəmlidir. Buna görə həmin dövrdə valideynlərinin, müəllimlərinin və bütöv bir ölkənin yaşadığı kədəri hiss etməmək mümkün deyildi. Bizim yaşadığımız göz yaşları təkcə şəxsi hiss deyildi, bir xalqın yaşadığı ümumi hüznün kiçik, amma saf təzahürü idi.

Formalaşan nəsil və böyüyən gözləntilər

2003-cu ildən 2020-ci ilə qədər keçən illər yalnız siyasi proseslər ilə ölçülmədi. Həmin dövr Azərbaycan cəmiyyətinin sosial, iqtisadi və milli kimlik baxımından inkişaf etdiyi bir mərhələ idi. Bu illər:

-Dövlət quruculuğunun güclənməsi,

-Güclü ordu konsepsiyasının yaradılması,

-Gənc nəslin milli ruhda yetişdirilməsi,

-İqtisadi müstəqilliyin möhkəmlənməsi kimi əsas tendensiyalarla yadda qaldı.

Biz və bizim kimi minlərlə yeniyetmə repressiyaların, iqtisadi çətinliklərin, işğal illərinin ağrılarını birbaşa görməsək belə, həmin ağrıların səsini valideynlərimizdən, müəllimlərimizdən, cəmiyyətin gündəlik danışığından eşidərək böyüdük. Bu, 1990-cı illərdəki “qorxu dolu nəsil”dən fərqli olaraq artıq daha güclü, daha özünəinamlı, dövlətinə bağlı yeni bir nəslin formalaşmasına xidmət etdi. Bu nəsil artıq yalnız tarixi oxuyan deyil, yeni tarixi yaradan bir nəsil idi.

Qələbə Sevinci

2020-ci il Azərbaycan üçün təkcə hərbi uğur deyil, tarixin ağır bir səhifəsinin bağlanması, uzun illər qəlblərdə yığılan ağrının sağalması, xalqın öz ləyaqətinin bərpası idi. Qarabağın işğaldan azad olunması bir dövlətin yüksəlişə doğru keçdiyi yolun məntiqi nəticəsi oldu.

Bu qələbə yalnız cəbhədə döyüşən əsgərlərin deyil, bütün cəmiyyətin birliyinin, dəstəyinin və uzun illər formalaşan milli ruhun nəticəsi idi. 12 yaşında Heydər Əliyevin vəfatına ağlayan uşaq artıq böyümüşdü və bu dəfə gözündəki yaş kədərdən deyil, qürurdan idi.

Bu dəyişiklik bir insanın həyatındakı emosional dəyişikliyi göstərməklə yanaşı, bütöv bir xalqın 35 illik inkişaf yolunun simvolu sayılır. Azərbaycan artıq güclü dövlətdir. Torpaqların azadlığı isə bu gücün təsdiqi oldu.

Heydər Əliyev irsi

Qarabağın azad edilməsi Heydər Əliyevin illər öncə müəyyənləşdirdiyi strateji xəttin davamı idi. Onun qurduğu dövlətçilik modeli, iqtisadi islahatlar, ordu quruculuğuna verilən yüksək prioritet və milli ideologiyanın gücləndirilməsi müstəqil Azərbaycanın sütunlarını formalaşdırdı.

Bu gün xalq arasında tez-tez deyilən “Heydər Əliyev yolu” ifadəsi təsadüfi deyil. Bu yol gələcək nəsillər üçün güvən, dövlətçilik düşüncəsinin əsas dayağıdır. 2020-ci ildə əldə olunan qələbə də həmin yolun davamının ən parlaq nəticəsi kimi tarixə düşdü.

Dünənin göz yaşları, bu günün qüruru

12 yaşında olan bir insanın o günlərdə yaşadığı kədərlə bu günkü sevinc arasında böyük bir tarixi körpü var. Bu körpü Azərbaycanın inkişafı, dövlət quruculuğu, siyasi sabitliyi və xalq birliyi ilə inşa olunub.

Bu dəyişiklik həm fərdi, həm də milli səviyyədə çox şeyi ifadə edir:

Əgər o zaman bir liderin itkisinə ağlayan uşaq var idisə, bu gün o uşaq öz liderin rəhbərliyi ilə azad olmuş bir ölkənin vətəndaşıdır.

Əgər o zaman cəmiyyət gələcəklə bağlı narahat idisə, bu gün gələcəyə inam indi hər zamankından daha güclüdür.

Əgər o zaman torpaq itkisi bir növ milli kədər idisə, bu gün torpaq sevgisi milli qürur mənbəyinə çevrilib.

Azərbaycanın müasir tarixi insanların şəxsi hissləri ilə qırılmaz şəkildə bağlıdır. 2003-cü ildə bir uşağın kədəri ilə bu gün bir xalqın sevinci arasında uzanan bu emosional xətt həm dövlətin, həm millətin, həm də bir fərdin inkişaf hekayəsidir. Bugünkü xoşbəxtlik təkcə qələbənin gətirdiyi sevinc deyil; bu, uzun illər davam edən milli iradənin, liderlik məktəbinin və birliyin sınaqdan çıxmış nəticəsidir.

Azərbaycan xalqı bu gün tarixin ən qürurlu səhifələrindən birini yaşayır. Bu səhifə həm dünənin kədərini, həm bu günün sevincini, həm də sabahın ümidini özündə birləşdirir.

          Yazımı uşaqkən yazdığım şeirin yadımda qalan misraları ilə bitirmək istəyirəm.

Heydər baba Naxçıvanlı deyəndə,

Səninlə tanınmışam.

Heydər baba Naxçıvanlı deyəndə,

Səndən ilham almışam. (12.12.2003)

Günay Quliyeva

                                          

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: