Ümidin səbrlə böyüdüyü yer - FOTOLAR

A- A A+

Bu qapıdan içəri girən hər kəs anlayır ki, bəzən ev səs-küy yox, nəfəs kimi bir sakitlikdir. Elə bir sakitlik ki, bu məkanda nə ucadan danışmaq, nə də çox düşünmək insana asan gəlir.

Burada çox uşaq var — gülüşü yarımçıq, arzuları vaxtından tez böyümüş uşaqlar. Onların gözlərində həm uşaq saflığı, həm də erkən tanış olduqları həyatın ağırlığı var. Hər şey qaydasındadır: divarlar sadə, otaqlar səliqəli, yeməklər isti. Amma bu nizamın içində görünməyən bir boşluq var — ana qucağı, ata qayğısı, ailə sevgisi.

Zahirən hər şey normaldır. Sadəcə diqqətlə baxmaq kifayətdir.

Bu gün onlar qədər biz də əyləndik, sevindik. Hələ o balaca Yusif adlı dəcəli demirəm — hər birimizin könlünü aldı, qucaqladı, şəkil çəkdirməkdən də çəkinmədi. Bizi yola salanda isə ayrılmaq istəmirdi.

Onların hər biri çox ağıllıdır və bir-birlərini də çox sevirlər. Hətta bizi də… Kimisi qaçıb qucaqlayır, kimisi əzizlənir, kimisi “Yataqxanamızda çox yer var, gəl bizlə qal” deyir. Kimisi də:
— Məni də apar.
— Hara?
— Evinizə…

Elə bu son cümləyə cavab vermək qədər ağırdır onların həyatı.

Bir xoş sözdən utanır, oynamaqdan, şəkil çəkdirməkdən, paylaşılmaqdan çəkinirlər. Məncə, onlar çox şey istəmirlər. Sadəcə “Yaxşı ki, varsan” deyən bir baxış, səmimi bir söz, isti bir qucaq…

Uşaqlara ev sahibliyi edən bu yer kədər ünvanı deyil. Bura ümidin səbrlə böyüdüyü yerdir. Əgər biz bir az daha diqqətli, bir az daha mərhəmətli olsaq, bəlkə də bu divarların içində böyüyən uşaqlar gələcəyin ən güclü insanları olar.

Unutmayaq ki, sevgi bəzən insanın əlində olanda yox, həsrətində olanda daha da böyüyür.

Nurtac İsmayılova

NUHÇIXAN

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: