Şəhid sərhədçinin atasına “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı təqdim olunub - YENİLƏNƏCƏK
Novruz bayramı günlərində Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi hissələrində Vətənimizin təhlükəsizliyi və dövlət sərhədlərinin toxunulmazlığı uğrunda rəşadət göstərərək şəhid olmuş qəhrəman sərhədçilər anılıb.
DSX-nin mətbuat mərkəzindən NUHÇIXAN-a bildiriblər ki, qəhrəman sərhədçilərdən biri - cari il martın 10-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Bala Bəhmənli kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədinin pozulması cəhdinin qarşısını alarkən şəhid olmuş kiçik çavuş Məmmədov Səxavət Füzuli oğlunun xatirəsinə həsr olunmuş tədbir keçirilib.
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin ideoloji mərkəzində keçirilən və DSX aparatının rəhbər vəzifəli şəxslərinin, Səfərbəlik və Hərbi Xidmət Çağrış üzrə Dövlət Xidmətinin nümayəndələrinin iştirak etdikləri tədbirdə qəhrəman sərhədçinin şərəfli və ləyaqətli ömür yolu, Azərbaycan sərhədçisinin adına layiq xidməti haqqında geniş məlumat verilib.
Dövlət sərhədlərinin mühafizəsində qəhrəmancasına həlak olduğuna görə kiçik çavuş Məmmədov Səxavət Füzuli oğlunun Dövlət Sərhəd Xidməti rəisi, general-polkovnik Elçin Quliyev tərəfindən təltif olunduğu “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı tədbir zamanı şəhid sərhədçinin atasına təqdim edilib.