“Mərkəzi Karyera Portalı” istifadəyə verilib

A- A A+

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən peşəyönümü və karyera planlamasına dəstək göstərən “Mərkəzi Karyera Portalı” istifadəyə verilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, portalın yaradılmasında məqsəd əmək bazarına dair məlumatların vahid rəqəmsal platformada toplanılması, gənclərin peşə seçimi və karyera inkişafı prosesinin dəstəklənməsi, işəgötürənlərin hansı bacarıqlara malik işçi qüvvəsinə tələblərinin olduğu barədə onların məlumatlılığının artırılmasından ibarətdir.

“Mərkəzi Karyera Portalı”na “Məzunların məşğulluq reytinqi” platforması, “CV yarat” və “Alo karyera” dəstək xidməti ilə yanaşı, iki innovativ platforma - “İş dəyərləri aləti” və “Peşələrin atlası” da daxildir.

“İş dəyərləri aləti” istifadəçilərə öz karyera və peşə maraqlarını müəyyənləşdirməyə kömək etmək üçün hazırlanıb. Sistemdə yerləşdirilmiş sorğuda iştirak etməklə şəxslərin maraqları, təhsil və təcrübələri nəzərə alınaraq qiymətləndirmə aparılır. Onların maraqlarına uyğun gələn potensial peşə sahələrinin siyahısı təqdim edilir. Məqsəd istifadəçilərin öz karyeraları ilə bağlı əsaslandırılmış qərarlar qəbul etmələrinə kömək göstərməkdən ibarətdir.

“Peşələrin atlası” platformasında isə peşələr üzrə təsvirlər, tələb olunan bilik və bacarıqlar, təhsil səviyyəsi və digər zəruri məlumatlar təqdim edilir.

Bundan əlavə, portalın tərkibində yer alan “Məzunların məşğulluq reytinqi” platforması universitet məzunlarının təhsil aldıqları ixtisaslar üzrə əmək bazarında mövqeləri barədə məlumat verir. “Alo karyera” dəstək xidməti isə karyera planlaması, məqsədlərin müəyyən edilməsi, peşə və ixtisas seçimi, əmək bazarındakı tendensiyalar və digər suallar üzrə vətəndaşlara operativ məlumat dəstəyi göstərir. İstifadəçilər “CV yarat” platforması üzərindən isə qısa zamanda peşəkar və standartlara uyğun CV hazırlaya bilirlər.

“Mərkəzi Karyera Portalı” ilə linkə keçid edərək tanış olmaq mümkündür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: