Bəzən bir zəng, bir siqnal,bir çağırışla tərəddüd etmədən, qorxmadan, geri çəkilmədən hadisə yerinə tələsən insanlar var. Belə insanlar sırasında Fövqaladə Hallar Nazirliyinin əməkdaşları da var. Onlar təhlükə anlarında ümid bağladığımız qəhrəmanlardır. Yanğın, sel, zəlzələ, uçqun, yol-nəqliyyat hadisəsi, boğulma, meşə yanğınları- harada təhlükə varsa o can qurtaranlar ordadır. Dağıntılar altından çıxarılan bir körpənin səsi,yaşlı bir insanın baxışı, bəzən gecikmiş bir saniyənin acı bir nəticəsi… bir sözlə insanların həyat fəaliyyətinin, təhlükəsizliyinin təmin edilməsi, yanğınların qarşısının vaxtında alınması və hadisə yerində köməksiz vəziyyətdə qalan insanların xilas edilməsi onların əsas məqsədidir. Onlar üçün iş saatının, bayram və istirahət günlərinin fərqi yoxdur.Bəzən elə hadisələr olur ki, həftələr, hətta aylarla evlərinə gedə bilmirlər.
Naxçıvan Muxtar Respublikası Fövqaladə Hallar Nazirliyinin hərbi, döyüş və xilasetmə şöbəsinin rəisi mayor oktay Həsənov da illərdir həyatını məsuliyyətli və şərəfli bir işə həsr edib. Peşəsini sevərək seçib. İnsanların ona “ sağ ol” deməsi, yaxud heç danışa bilməyib göz yaşları ilə təşəkkür etməsi işindəki ən böyük qazancıdır.
- Bir iş gününüz necə keçir?
Bu sahədə planlı gün anlayışı yoxdur. Gün sakit başlaya bilər, amma bir anda çağırış gələr. Yanğın, yol-nəqliyyat hadisəsi,uçqun, sel, qaz sızması.. Günün sonu isə bəzən uğurlu xilasetmənin sevinci, bəzən də itirilən həyatların ağırlığı ilə gələr. Hər dəqiqənin, hər saniyənin bir hökmü var. Əgər bu sənəti seçmisənsə qarşında bir məqsəd olmalıdır-insan həyatını xilas etmək.
16 ildir bu sahədə çalışan Oktay Həsənov Gürcüstanda, Serbiyada, Moldaviyada keçirilən beynəlxalq təlimlərdə, konfranslarda iştrak edib, medal və təltiflərə layiq görülüb. Xilas etdiyi insanların sayını unudub. Çalışdığı illər ərzində heç vaxt unutmadığı hadisə isə dəm qazından boğulmuş gənc bir ananın ölümü olub. Deyir - xilasedici fiziki cəhətdən sağlam, psixoloji cəhətdən soyuqqanlı olmalıdır. Məsələn, elə yol qəzaları ilə qarşılaşmışıq ki, insanların bədəni bir neçə hissəyə bölünmüş , əzilmiş şəkildə olub. Nəqliyyat vasitəsinin müəyyən hissəsini kəsib onları ordan çıxardığımız məqamlar da var, boğulma anlarında suyun altından cəsədi götürüb cəsarətlə suyun üzərinə qaldırdığımız, alovla mübarizə apardığımız anlar da. Biz bəzən hahadisələrin ilk şahidi, bəzən həkim, bəzən psixiloq, insanların son ümidiyik. Qorxu içində qalan insanlar ümid vermək, çarəsizliyi güvənə çevirmək bu işin görünməyən tərəfləridir.
-Bəs gələcəkdə bu peşəni seçmək istəyən gənclərə nə tövsiyə edərdiz?
Cəsarət , intizam və fədakarlıq ... Əgər kimsə insanlara kömək etməyi , riskə atılmağı, və vətənə xidmət etməyi qarşısına məqsəd qoyubsa birinci növbədə bu keyfiyyətlərə sahib olmalıdır.
Əlbbətdə onların gördüyü iş heç də asan deyil. Müxtəlif əməliyyatlar zamanı yanmış, qana bulanmış cəsədləri görüb həyata əvvəlki enerji ilə davam edə bilmək böyük cəsarətdir. Bağlı qapı arxasında köməksiz qalmış körpə, avtomobil qəzası keçirmiş yaralı, dağıntı, uçqun altında ölüm təhlükəsi ilə üz-üzə qalan hər kəs onların yardımını gözləyir. Onlar təbii və texnogen xarakterli fövqəladə halların qarşısının alınmasında böyük fədakarlıq göstərirlər. Təkcə fəlakət zamanı deyil, profilaktik tədbirlərdə, maarifləndirmə işlərində də cəmiyyətin yanındadırlar. Cəmiyyət də onların etibarını qazanıb. Həyat bizi arzulamadığımız, görmək istəmədiyimiz hadisələrlə qarşılaşdıran anlarda 112 qaynar xətti güvən yerimizdir.
Biz onların fədakarlıqlarını 44 günlük vətən müharibəsində də gördük. Onlar həm də işğaldan azad edilmiş ərazilərdə lazımi işlərin həyata keçirilməsinə zəmin yaratdılar. Bu gün onlar Qarabağ və Şərqi Zəngəzurda da fövqaladə hallarla uğurla mübarizə aparırlar. Bir sözlə, onlar 20 ildir cəmiyyətin etibarlı dayağıdır. 20 illik bu qısa tarix unudulmaz, qəhrəmanlıq dolu hadisələrlə yaddaqalandır. Bu çətin və məsuliyyətli peşədə çalışanların peşə bayramını təbrik edir, onlara isanların həyatının xilas edilməsi, yanğınların qarşısının vaxtında alınması prosesində səbir, dözüm və can sağlığı arzulayırıq. Çünki, işləri həyat qurtarmaq olan bu şəxslər can sağlığının nə demək olduğunu hamıdan yaxşı bilir.
Türkanə Əmoyeva
Naxçıvan televiziyasının redaktoru
