Nazir: Əmək müqavilələrinin sayı 45 faiz artaraq 1,9 milyona çatıb

A- A A+

Azərbaycanda davamlı olaraq genişmiqyaslı islahatlar həyata keçirilir. Müasir çağırışlara cavab verən yeni mexanizmlər formalaşdırılır və vətəndaşların sosial təminatı daim diqqət mərkəzində saxlanılır.

NUHÇIXAN xəbər verir ki, bu sözləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayında əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev deyib.

O qeyd edib ki, 2018-ci ildən etibarən ölkədə 4 milyon vətəndaşımızı əhatə edən 5 sosial islahat paketi həyata keçirilib. Bu islahatların illik əlavə maliyyə yükü 6,8 milyard manat təşkil edir. Həyata keçirilən islahatların nəticəsi olaraq əmək münasibətlərinin leqallaşması istiqamətində mühüm irəliləyişlər əldə olunub. Belə ki, əmək müqavilələrinin sayı 45 faiz artaraq 1,9 milyona çatıb, ölkə üzrə əməkhaqqı fondu isə 3,2 dəfə artıb. Eyni zamanda, sosial müdafiənin əsas alətlərindən biri olan minimum əməkhaqqı 3,1 dəfə artaraq 400 manata, orta aylıq əməkhaqqı isə 2 dəfə artaraq 1086 manata yüksəlib. Bundan əlavə, minimum pensiya 2,9 dəfə artaraq 320 manata, orta aylıq pensiya isə 2,6 dəfə artaraq 540 manata yüksəlib. Eyni zamanda, əhali qrupuna mənsub olanların və Azərbaycan Respublikası Prezidentinin təqaüdləri və müavinətlərin həcmi bu dövr ərzində 5 dəfə artıb.

“Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan və sosial təminat sahəsində aparılan islahatların mərkəzində dayanan DOST konsepsiyası vətəndaş-dövlət münasibətlərində yeni keyfiyyət mərhələsinin formalaşmasına xidmət edir. İndiyədək DOST mərkəzlərində 4 milyondan artıq vətəndaşa xidmət göstərilib, vətəndaş məmnunluğu 98 faiz təşkil edib. DOST mərkəzlərində göstərilən 160 xidmətdən 90 faizinin elektronlaşdırılması isə xidmətlərin əlçatanlığını və operativliyini əhəmiyyətli dərəcədə yüksəldib”, - deyə nazir əlavə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: