Milli Məclisin deputatı Hikmət Babaoğlu: “Naxçıvan tarixinin “Nuhçıxan” İnformasiya Agentliyi vasitəsilə dünyaya yeni formada təqdim olunması həm işğalçı Ermənistanın Naxçıvanla bağlı həyata keçirdiyi aqressiv informasiya siyasətinə cavabdır, həm də milli yaddaşımızın əsas komponenti olan tarixi yaddaşımızın bərpa olunması üçün böyük önəmə malikdir”.
Bu barədə Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin Baş redaktoru Hikmət Babaoğlu “Nuhçıxan” İnformasiya Agentliyinə göndərdiyi təbrik məktubunda yazıb. H.Babaoğlu qeyd edir: “Nuhçıxan” İnformasiya Agentliyi cəmi 1 ildir Azərbaycanın informasiya məkanına qədəm qoysa da, özünün operativliyi, mövzu baxımından rəngarəngliyi, Naxçıvan Muxtar Respublikası ilə bağlı xəbərləri qlobal informasiya məkanına ötürmə qabiliyyəti ilə seçilən mühüm elektron informasiya mənbəyinə çevrilib. Bu gün informasiya “yumşaq güc”dür. Postmodernist cəmiyyətlərin əsas xüsusiyyəti həm də informasiya cəmiyyəti olmasındadır. Hələ də blokada şəraitində yaşayan və Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan ilə quru yolları vasitəsilə əlaqəsi kəsilən Naxçıvan Muxtar Respublikasının qlobal informasiya məkanına çıxması ölkəmizin informasiya siyasətinin strateji aspektlərindən biridir. İstər internet üzərindən bütün dünyaya yayımlanan Naxçıvan televiziyası və radiosu, istərsə də “Nuhçıxan” İnformasiya Agentliyi bu strateji vəzifənin öhdəsindən qısa müddətdə layiqincə gəlməyi bacarıb.
Deyə bilərik ki, informasiyanın ilkin mənbədən, operativ şəkildə ötürülməsi, Naxçıvanda milli maraqlara uyğun həyata keçirilən siyasətin ayrı-ayrı aspektlərinin Azərbaycan cəmiyyətinə təqdim olunması “Nuhçıxan” İnformasiya Agentliyinin qarşısında duran mühüm vəzifələrdən biridir. Bu gün Naxçıvan Muxtar Respublikasında böyük inkişaf gözə çarpır, bütün sahələrdə mühüm nailiyyətlər əldə olunur. Muxtar respublikada kənd təsərrüfatında, sənayenin müxtəlif sahələrində sürətli inkişaf müşahidə edilir, yol-nəqliyyat infrastrukturu təkmilləşdirilir, yerli məhsulların istehsalı və emalı məsələləri öz həllini tapır, Naxçıvanın coğrafi mühitinə və istehsal münasibətlərinə uyğun olaraq fərdi ailə təsərrüfatları inkişaf etdirilir. Bu gün bütün dünyanın, o cümlədən regionun ehtiyac duyduğu genetik modifikasiya olunmamış kənd təsərrüfatı məhsullarının istehsalı Naxçıvanda təşkil olunur və bu, hər kəsdə böyük maraq doğurur. Görülən bu işlərin, şübhəsiz ki, qlobal informasiya məkanında diqqətə təqdim olunması həm iqtisadi nailiyyətlərin təbliği, həm də perspektivdə regionda yeni bazarlar əldə etmək baxımından əhəmiyyətlidir. Beləliklə, “Nuhçıxan” İnformasiya Agentliyinin rəngarəng informasiya xidməti sayəsində həm Azərbaycanda, həm də qlobal məkanda informasiya istehlakçıları bu məsələlərlə bağlı geniş məlumatlandırılır.
Naxçıvanda təhsilin inkişafı ilə bağlı mühüm işlər görülür, muxtar respublikanın hər bir kəndində universitet binalarını xatırladan orta məktəb binaları tikilib. Bu məktəblərdə tədris prosesi yüksək səviyyədə təşkil olunub. “Nuhçıxan” İnformasiya Agentliyinin informasiya siyasətinin əsas istiqamətlərindən birini də məhz təhsil sahəsində həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlərin təbliğ olunması təşkil edir. Bu, heç şübhəsiz ki, Azərbaycan Prezidenti tərəfindən irəli sürülən “qara qızılın intellektual kapitala çevrilməsi” tezisi əsasında atılan addımların təbliği baxımından mühüm əhəmiyyətə malikdir.
Naxçıvan çox qədim diyardır. Bu diyarda Azərbaycanın dövlətçilik tarixinin çox mühüm maddi və mənəvi mirası mövcuddur. Bu tarixi mirasın dünyaya tanıdılması istiqamətində də “Nuhçıxan” İnformasiya Agentliyi xüsusi fəallığı ilə seçilir. Qarabağlar və Mömunə Xatın türbələrinin, Əlincə qalasının, Gilan xarabalıqlarının, Naxçıvanın şəhər mədəniyyətinin qədim qatlarının “Nuhçıxan” İnformasiya Agentliyi vasitəsilə dünyaya yeni formada təqdim olunması həm işğalçı Ermənistanın Naxçıvanla bağlı həyata keçirdiyi aqressiv informasiya siyasətinə cavabdır, həm də milli yaddaşımızın əsas komponenti olan tarixi yaddaşımızın bərpa olunması üçün böyük önəmə malikdir.
Naxçıvanın çox böyük turizm potensialı var. Muxtar respublikanın ayrı-ayrı rayonlarında həm kənd və səhiyyə-sağlamlıq turizminin, həm də ekoturizmin inkişafı üçün münbit şərait mövcuddur. “Duzdağ” səhiyyə turizmi üçün ən böyük obyektlərdən biridir və sevindirici haldır ki, burada inşa edilən yeni müalicə kompleksi təkcə Azərbaycanın deyil, region dövlətlərinin və bütövlükdə xarici ölkələrin diqqətini cəlb edir. “Nuhçıxan” İnformasiya Agentliyi digər mühüm vəzifələri yerinə yetirməklə yanaşı, Naxçıvanın turizm imkanlarını da qlobal informasiya məkanında layiqincə təqdim etməyi bacarır, silsilə videoinformasiyalarla fəal təbliğatı gücünü göstərir.
“Nuhçıxan” İnformasiya Agentliyinin “youtube”, “instagram” və “facebook”da mövcud olan səhifələrində videoçarxlar və infoqrafika materialları vasitəsilə Naxçıvan həqiqətlərinin dünyaya çatdırılması ayrıca bir yenilikdir. Bütün bunlar onu göstərir ki, “Nuhçıxan” qlobal informasiya məkanında Azərbaycan reallıqlarının beynəlxalq aləmə təqdim olunması istiqamətində mühüm işlər görür. Cəmi 1 yaşı olan informasiya agentliyinin bütün bu işləri görməsi, mühüm uğurların altına imza atması isə təqdirəlayiq haldır.
“Nuhçıxan” İnformasiya Agentliyininin kollektivini-rəhbərliyini və əməkdaşlarını agentliyin 1 yaşı münasibətilə ürəkdən təbrik edir, “Adın qədər ömrün olsun, Nuhçıxan”,-deyirəm.