Cahanın naxışı olan diyarın, xoşbəxt insanlarına... - FOTOLAR
Azərbaycan Respublikası Prezident Administrasiyasının təşkilatçılığı ilə məktəblilər arasında “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası başa çatıb. Naxçıvanı da əhatə edən aksiya iştirakçıları muxtar respublikadan xoş təəssüratlarla ayrılıblar. Bakı şəhər Suraxanı rayonunun bir qrup məktəblisi ilə birlikdə Naxçıvanda olan Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşı Lamiyə Namazova buradakı təəssüratları ilə bağlı NUHÇIXAN-a məktub ünvanlayıb. Məktubda deyilir:
"Hörmətli, NUHÇIXAN!
Sizə, Suraxanı rayonunun 27 nəfər şagirdinin adından Naxçıvanda qaldıqları müddət ərzində keçirdikləri hisslərindən, xoş təəssüratlarından ruhlanaraq təşəkkür məktubu yazmaq qərarına gəldim.
Cəmiyyətimizin aparıcı qüvvələrindən olan gənclərin qarşısında yeni-yeni vəzifələr dayandığı kimi, onların bilik və bacarığının, fikir və təcrübə mübadiləsinin təmin edilməsi, maraqlarının, dünyagörüşünün daha da genişləndirilməsi və sosial aktiv təbəqəyə çevrilməsi məqsədi ilə ölkəmizdə fərqli layihələrin həyata keçirilməsi bir ənənə halına çevrilib. Belə ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tövsiyyəsinə əsasən, Azərbaycan Respublikası Prezident Administrasiyasının təşkilatçılığı ilə 2014-cü ildən start götürən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya artıq neçə ildir ki, şagirdlərin dünyagörüşünün formalaşmasında, onun inkişaf etdirilməsində mühüm rol oynayır.
“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində bu il də növbəti dəfə rayonumuzdan təhsildə və ictimai həyatda fərqlənən bir qrup şagird seçilərək ilk dəfə Naxçıvan Muxtar Respublikasına səfər edib. Hələ ailədən və valideyn nəzarətindən kənarda qalmağa alışmayan məktəblilərin ürəklərindəki həyəcan, gözlərindəki sevinc və maraq Naxçıvan hava limanına ayaq basdıqları andan şahidi olduqları istiliyin, doğmalığın, qayğının və diqqətin sayəsində xoş bir əhval-ruhiyyəyə çevrilib. Naxçıvanda qaldıqları 4 gün ərzində hər gün, hər saat bir kitaba belə sığmayacaq yeni bir bilik, yeni bir məlumatın öyrənilməsi, gəzməli-görməli yerlərin kəşf edilməsi, getdikləri hər bir yerdə, hər bir addımda qonaqpərvərliyin, səmimiliyin hiss edilməsi, məktəblərdə, ali təhsil ocaqlarında şagird-tələbə görüşlərinin yüksək səviyyədə təşkil olunması Ulu Öndərimiz Heydər Əliyevin gənclərə əmanət qoyduğu - “Mən hər zaman fəxr etmişəm, bu gün də fəxr edirəm ki, Mən Azərbaycanlıyam”- müqəddəs kəlamını hər addımda fəxrlə xatırladıb üzdə fərəh hissi yaradırdı.
Mənim özüm ötən ildə Naxçıvanda olmuşdum. Bu bir il ərzində Naxçıvan şəhəri və onun rayonları daha da abadlaşıb. Yeni yaşayış və sosial binaların tikilməsi, şəhərin abadlaşması sözün əsl mənasında bu qədim türk torpağının həmdə quruculuq meydanına çevrilməsi deməkdir. Biz Kəngərli rayonunda olarkən eşitdik ki, son zamanlar Naxçıvanda daha bir Günəş Elektrik Stansiyası da istafadəyə verilib. Bu doğurdan güclü Azərbaycanın güclü regionu deməkdir. Bir zamanlar enerji qıtlığından əziyyət çəkən Naxçıvan indi alternativ enerjilərdən də istifadə edir. Naxçıvanın inkişafından, tərəqqisindən çox yazmaq olar. Çünki burada hər şey göz qabağındadır.
Naxçıvan təbiətin yaratdığı möcüzələri ilə, gözəllikləri ilə, hər addımda ucalan tarixi memarlıq abidələri ilə, aydın, günəşli səması ilə, səmimi, gülərüz, qonaqpərvər insanları ilə şagirdlərimizin xatirəsində hələ uzun müddət silinməyəcək xoş təəssüratlar buraxıb. Naxçıvanda olduğumuz müddətdə mənim və şagirdlərimin marağına səbəb olan isə qəhrəmanlığı dözümlülüyü əks etdirən Əlincə qalası oldu. Ordubadın, Şahbuzun əsrarəngiz təbiəti bizi heyran etdi. Bu arada bizimlə bərabər 4 gün müddətində Naxçıvanı gəzməkdə, tanımaqda, məlumatlandırmaqda öz köməyini göstərən KİV nümayəndələrini, Naxçıvan Televiziyasının əməkdaşlarını da yaddan çıxarmaq olmaz. Naxçıvan şəhərinin sakinlərinin, muxtar respublikanın rayonlarında olduğumuz müddətdə insanların mehribanlığı və gülərüzlüyü bizdə xoş təəssüratlar yaratdı.
Bəli, Naxçıvan bizdə çox əsirlik tarixi ilə müasirliyi, milli-mənəvi dəyərləri ilə qonaqpərvərliyi, insanlarının üzlərindəki, gözlərindəki saflığı, mərdliyi ilə çox qədim köklərə malik tariximizi özündə əks etdirir. Mərkəzi şəhərlərindən tutmuş ucqar kəndlərinə qədər yaradılan abadlığı, gözəlliyi ilə hər qarış torpağımıza belə bağlılığımızı, nəfəs dolusu təmiz havası, aydın səması ilə əmin-amanlığımızı, sülhümüzü və müstəqilliyimizi təcəssüm etdirirdi ".