Vüqar Rəhimzadə: "Nuhçıxan"  "Nəqşi-Cahanı" təbliğ edir

A- A A+

Aprelin 1-də "Nuhçıxan" İnformasiya Agentliyinin yaradılmasının bir ili tamam olur. Bu münasibətlə “İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə agentliyin ünvanına təbrik məktubu göndərib. Məktubda deyilir:

“Hörmətli həmkarlar!
Hər daşında, qalasında əsrlərin izlərini yaşadan, "Ulu məskən" adını abidələrinin qədimliyi ilə qoruyub saxlayan, tarixi İpək Yolunun üzərində yerləşən Naxçıvan Şərq aləminə açılan qapı olmaqla, zamanla dəyişilən, inkişaf edən diyardır. İllərdən bəri sinəsində saxladığı "sirləri" öyrənməyə çalışan arxeoloqların, etnoqrafların qeyd etdikləri kimi, hələ də açılmamış səhifələri olan qədim Naxçıvanın dünyada tanıdılması üçün mütəxəssis araşdırmalarına, tarixinin öyrənilməsinə, təbliğinə ehtiyac vardır.

Bir il bundan əvvəl, 1 aprel 2018-ci ildə Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin nəzdində "Nuhçıxan" İnformasiya Agentliyinin yaradılmasında məqsəd qədim insan məskənlərindən sayılan "Gəmiqaya" kimi tarixi abidələri, İslam aləmində ən qədim ibadətgah sayılan "Əshabü-Kəhf" kimi ziyarətgahları ilə dünyada tanınan muxtar respublikanın inkişafı, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında baş verən yeniliklər barədə informasiyaları dolğun və operativ şəkildə respublika daxilində yaymaq, beynəlxalq ictimaiyyətə çatdırmaqdır. 

"Nuhçıxan" İnformasiya Agentliyi "Dünyanın bəzəyi" adını ifadə edən "Nəqşi-cahan" adına layiq fəaliyyət göstərir. Naxçıvanın "İslam Mədəniyyətinin Paytaxtı" elan edilməsi ilində fəaliyyətə başlayan "Nuhçıxan"ın yaradılması beynəlxalq informasiya məkanına çıxış, muxtar respublikada aparılan geniş quruculuq, abadlıq işlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından əhəmiyyətli və vacibdir.

Şərq mədəniyyətini bəşəri dəyərlər vəhdətində inkişaf etdirən, xalqımızın zəngin sərvəti sayılan tarixini, mənəvi irsini, adət-ənənələrini müasir dövrümüzə qədər qoruyub saxlayan Azərbaycanın bu qədim diyarı özünəməxsus salnaməsi, ecazkarlığı ilə muxtar respublikaya gələnlərin diqqətini cəlb etdiyi kimi, sosial şəbəkələr vasitəsi ilə təbliğinə də ehtiyac duyulur.

"Nuhçıxan"ın yaradılması ölkəmizdə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan söz və mətbuat azadlığının, müstəqil medianın inkişafına göstərilən qayğının təzahürüdür. 

Son illərdə möhtərəm Prezidentimiz İlham Əliyevin müstəqil, azad mətbuata göstərdiyi diqqət və qayğı muxtar respublika KİV-lərinin inkişafında da geniş ifadəsini tapır. "Biz xarici informasiya məkanına çıxışımızı daha da genişləndirməliyik. Bu istiqamətdə yaxşı nəticələr var. Mən xatırlayıram, jurnalistlərlə əvvəlki görüşlərimdə də bunu demişdim. Demişdim ki, daha çox xarici dillərdə saytlar açılsın, biz daha çox xarici informasiya məkanına çıxaq. Bizim imkanımız olsun ki, vacib informasiyanı dərhal aparıcı media qurumlarına çatdıra bilək" söyləyən Prezident İlham Əliyevin tövsiyəsini əks etdirən, işğalçı Ermənistanla sərhəddə yerləşən muxtar respublikanın dünyada tanıdılması baxımından "Nuhçıxan" İnformasiya Agentliyinin yaradılması və səmərəli fəaliyyəti daha vacib və əhəmiyyətlidir. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun qayğısı sayəsində muxtar respublikada fəaliyyət göstərən KİV-lər, teleradiolar əsl inkişaf dövrünü yaşayır, inkişaf edir. Cənab Vasif Talıbovun "Naxçıvan Muxtar Respublikasının dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında" 2000-ci il 29 mart tarixli Sərəncamının tətbiqi muxtar respublika mətbuatını yeni inkişaf müstəvisinə çıxarıb, maddi-texniki bazası ən müasir avadanlıqlarla gücləndirilib. Naxçıvan teleradiosunda kadr hazırlığına diqqət yetirilib, efir vaxtı 19 saatadək artırılıb. 2016-cı ildə Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsi üçün yeni internet saytının – naxcivantv.az-ın yaradılması və teleradio verilişlərinin internet üzərindən yayımının təşkili Naxçıvanın informasiya blokadasının aradan qaldırılması baxımından çox əhəmiyyətlidir. Bu gün öz keyfiyyətli verilişləri ilə tamaşaçı auditoriyasını cəlb edən muxtar respublikanın teleradiosunda aparılan islahatlar səmərəsini göstərir. Naxçıvan Televiziyasında ilk dəfə olaraq xəbərlərin ingilis və rus dilində həftəlik yayımı muxtar respublikanın dünyada tanıdılması baxımından atılan əhəmiyyətli addımdır.

Möhkəmlənən belə baza əsasında yaradılan "Nuhçıxan" İnformasiya Agentliyinin fəaliyyəti təqdirəlayiqdir. Artıq bir yaşını qeyd edən "Nuhçıxan"ın beynəlxalq informasiya məkanında fəaliyyəti muxtar respublikanın dünyada tanıdılması, bu qədim Odlar Diyarına marağın artması göstərir ki, Agentliyin kollektivi üzərinə düşən məsul vəzifənin öhdəsindən layiqincə gəlir. Həmkarlarımıza bundan sonra da böyük yaradıcılıq uğurları diləyir, daha geniş informasiya məkanı arzulayırıq.

«İki sahil» qəzetinin kollektivi adından:
Vüqar Rəhimzadə, 
Baş redaktor, 
Azərbaycan Respublikasının Əməkdar jurnalisti”
 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: