Onlayn surdotərcümə xidməti Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən ən yaxşı təcrübə elan edilib

A- A A+

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin "Səsiniz olaq" onlayn surdotərcümə xidməti Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən ən yaxşı təcrübə elan edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, həmin inklüziv layihə təşkilatın Avropa regionu üzrə əlilliyi olan şəxslər üçün əlçatanlığın, müyəssərliyin, inklüziv mühitin və sosial inteqrasiyanın təmini sahəsində uğurlu təcrübələri əhatə edən sənədə daxil edilib.

Sənəddə agentliyin onlayn surdotərcümə xidməti, onun üstünlükləri, eşitmə və nitq məhdudiyyətli şəxslər üçün faydaları barədə məlumat verilir. Layihənin həmin şəxslərin birbaşa xidmət təminatçıları ilə ünsiyyət qura bilməsinə imkan yaratdığı, habelə səhiyyə xidmətlərinə çıxışını əhəmiyyətli dərəcədə asanlaşdırdığı diqqətə çatdırılır.

Bu ilin iyul ayında Azərbaycanda ilk dəfə olaraq fəaliyyətə başlayan surdotərcümə xidməti eşitmə və nitq məhdudiyyətli şəxslərin müraciətlərinin üçüncü tərəfə (dövlət qurumları, özəl sektor və s.) ötürülməsini təmin edir. Həmin şəxslər videozəng və ya yazılı mesaj vasitəsilə operatorla əlaqə saxlayır, operator isə surdotərcüməçi funksiyasını icra edərək müraciətin istiqamətinə uyğun olaraq aidiyyəti üçüncü tərəflə əlaqə yaradır və onlayn kommunikasiya qurulur.

Beləliklə, həmin şəxslərlə işarət dili bilməyən tərəflər arasında “virtual körpü” funksiyası yerinə yetirilir. Həmin xidmətdən indiyədək 218 nəfər faydalanıb.

"Səsiniz olaq" onlayn surdotərcümə xidmətindən yararlanmaq üçün vətəndaşlar 055 213 19 97 əlaqə nömrəsinə vatsap və ya teleqram platformaları vasitəsilə müraciət edə bilərlər.

Xidmət bazar günü istisna olmaqla, həftənin 6 günü saat 09:00-dan 16:00-dək fəaliyyət göstərir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: