Qarabağ “DOST Evi”nə daha 21 benefisiar qəbul edilib - FOTOLAR

A- A A+

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Bərdədə yerləşən Qarabağ “DOST Evi” şöbəsinə növbəti qəbul prosesi keçirilib. Qiymətləndirmə Komissiyası tərəfindən üç həssas kateqoriyadan olan 21 yeni benefisiar müəssisədə təlimlərə cəlb edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, onlar Qarabağ “DOST Evi”ndə təsviri incəsənət, floristika, xalçaçılıq və musiqi istiqamətləri üzrə təlimlərdə bacarıqlarını təkmilləşdirəcəklər. Bununla da, müəssisədə xidmətlərdən yararlanan benefisiarların sayı 72 nəfərə çatıb.

Qarabağ “DOST Evi”ndə, həmçinin kulinariya, toxuma, tikmə və bədii oyma üzrə üzrə təlimlər keçirilir. DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində təlim müddətini uğurla tamamlayan 4 benefisiar hazırda şöbədə təlimçi kimi fəaliyyətini davam etdirir.

Müəssisə Bərdə və ətraf rayonlarda yaşayan əlilliyi olan şəxslər, şəhid ailələrinin üzvləri, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və onların övladları, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlar, aztəminatlı ailələrin üzvlərinin yaradıcılıq potensiallarını inkişaf etdirməsinə dəstək göstərir.

Bölgənin həmin kateqoriyadan olan sakinləri DOST mərkəzləri və ya Sosial Xidmətlər Agentliyinin yerli nümayəndəliklərinə müraciət edərək Qarabağ “DOST Evi”nin xidmətlərindən faydalanmaq üçün qeydiyyata alına bilərlər.

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin rəsmi sosial media hesabları və "142" Çağrı Mərkəzinə müraciət edərək əlavə məlumat almaq mümkündür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: