Naxçıvanda cəzaçəkmə müəssisəsində saxlanılan 40 məhbusa şəxsiyyət vəsiqəsi təqdim edilib - FOTOLAR
Qarışıq cəza çəkmə müəssisəsində cəza çəkən məhkumların şəxsiyyət vəsiqələri ilə təmin olunması istiqamətində növbəti addım atılıb.
NUHÇIXAN xəbər verir ki, Naxçıvan MR Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbir çərçivəsində qarışıq rejimli cəzaçəkmə müəssisəsində saxlanılan 40 məhbusa şəxsiyyət vəsiqəsi təqdim edilib. Tədbirin əsas məqsədi məhkumların hüquqlarının təmin olunması, onların şəxsiyyət sənədləri ilə bağlı mövcud problemlərinin aradan qaldırılması və cəmiyyətə reinteqrasiya prosesinin asanlaşdırılmasıdır.
Sənədlərin verilməsi prosesi əvvəlcədən aparılmış müvafiq yoxlamalar, şəxsiyyətin müəyyənləşdirilməsi və qanunvericiliyin tələblərinə uyğun prosedurlar əsasında həyata keçirilib. Bu prosesdə Naxçıvan MR Daxili İşlər Nazirliyinin Pasport və Qeydiyyat Şöbəsinin əməkdaşları ilə yanaşı, Naxçıvan MR Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməkdaşları da iştirak ediblər.