Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib. Tədbir zamanı 36 yaşlı Emin Mirzəyev narkokuryerlikdə şübhəli bilindiyi üçün saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat idmətindən NUHÇIXAN-a verilən məlumata görə, onun üzərindən və Qaradağ rayonunun Qızıldaş qəsəbəsindəki evindən 11 kiloqrama yaxın narkotik vasitə olan marixuana, psixotrop maddə metamfetamin və 2 ədəd elektron tərəzi aşkarlanıb.
Saxlanılan şəxs ifadəsində narkotik vasitələri sosial şəbəkədə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə əldə etdiyini və paytaxt ərazisində müxtəlif ünvanlara çatdırmağı planlaşdırdığını bildirib.
Faktla bağlı cinayət işi başlanılıb. E.Mirzəyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, bu ilin əvvəlindən Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 171 kiloqram müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
