Azərbaycan və ÜST arasında əməkdaşlıq məsələləri müzakirə olunub

A- A A+

Səhiyyə Nazirliyində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional Ofisinin Yoluxucu xəstəliklər, ətraf mühit və sağlamlıq departamentinin direktoru Robb Batler ilə görüş keçirilib.

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, görüş zamanı ÜST-nin Avropa üzrə Regional Ofisi ilə Azərbaycan arasında əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər, həmçinin “İqlim və Sağlamlıq üzrə Bakı COP Sədrliklərinin Varislik Koalisiyası"nın genişləndirilməsini, Azərbaycanın ÜST-nin Avropa Sağlam Şəhərlər Şəbəkəsinə qoşulma perspektivlərini və digər məsələləri müzakirə ediblər.

Səhiyyə naziri Teymur Musayev qeyd edib ki, Azərbaycan ÜST ilə səmərəli əməkdaşlıq edir və ötən müddət ərzində bir sıra birgə layihələr uğurla həyata keçirilib. Teymur Musayev Prezident İlham Əliyevin rəhbərliyi ilə səhiyyə sistemində aparılan fundamental islahatlar sayəsində səhiyyə idarəçiliyi və maliyyələşməsinin müasir konsepsiyalara uyğun formalaşdırılması, qabaqcıl beynəlxalq təcrübədən istifadə, yerli və xarici tərəfdaşlarla məhsuldar əməkdaşlığın bu transformasiyaların əsasını təşkil etdiyini vurğulayıb: “Səhiyyə sahəsində aparılan mühüm işlərdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rolu da əvəzsizdir. Məhz bu diqqət və dəstək sayəsində səhiyyədə bir çox irəliləyişlərə nail olmaq mümkün olub”.

Azərbaycanın iqlim və sağlamlıq arasında əlaqənin təşviqinə sadiq olduğunu qeyd edən nazir ictimai səhiyyə sahəsində qlobal səylərin birləşdirilməsinin əhəmiyyətinə diqqət çəkib: “2024-cü ilin noyabr ayında Azərbaycanın paytaxtında keçirilən COP29 çərçivəsində “İqlim və Sağlamlıq üzrə Bakı COP Sədrliklərinin Varislik Koalisiyası” yaradılıb. Eyni zamanda, Azərbaycan ÜST-nin Pan-Avropa Səhiyyə və İqlim Komissiyasının yaradılmasını yüksək qiymətləndirir”.

Öz növbəsində Robb Batler Azərbaycanın səhiyyə sahəsi, o cümlədən yoluxucu xəstəliklərə qarşı mübarizədə qazandığı uğurları qeyd edərək, bu xüsusda davamlı inkişaf məqsədlərinin həyata keçirilməsində ciddi nailiyyətlərin əldə olunduğunu bildirib. Eyni zamanda, COP29 zamanı iqlimə yönəlmiş səhiyyə təşəbbüslərinə Azərbaycanın dəstəyini yüksək qiymətləndirilib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: