2018-ci il aprel ayının 1-də Naxçıvanda ilk dəfə “Nuhçıxan” İnformasiya Agentliyinin fəaliyyətə başlaması muxtar respublikada elektron medianın inkişafına böyük töhfədir. Qısa zamanda agentlik öz ətrafına minlərlə izləyici toplayaraq nəinki muxtar respublikada, hətta Azərbaycanda reytinqli xəbər saytları arasında sayılıb-seçilən informasiya portallarından birinə çevrildi.
Agentlik informasiya aləminə yeni ab-hava gətirdi, ayağı uğurlu oldu. Nuhcixan.az-da may ayının son günlərində Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyəti olan yüksəkliklərin Əlahiddə Ümumqoşun Ordunun keçirdiyi əməliyyat nəticəsində işğaldan azad edildiyi xəbəri yayımlandı. Agentlik tərəfindən yayımlanan bu xəbərin sevincini təkcə Şərur, onun Günnüt kəndi deyil, bütün Naxçıvan, bütün Azərbaycan yaşadı. O gün bütün kütləvi informasiya agentlikləri nuhcixan.az saytına istinad edərək bu sevincli xəbəri minlərlə oxucuya və tamaşaçıya çatdırdı. Nuhcixan.az fəaliyyətə başladığı bir ay ərzində “Günnüt zəfəri” xəbəri ilə böyük uğura imza atdı.
Bir ilə qısa nəzər salsaq görərik ki, agentlik Azərbaycan jurnalistikasının bütün təməl prinsiplərinə ciddi əməl edərək böyük oxucu auditoriyası qazanıb. Obyektivliyi, qərəzsizliyi, yüksək milliliyi və vətənpərvərliyi iş prinsipinə çevirən agentlik muxtar respublikanın bugünkü inkişafını sürətlə təkcə Azərbaycanımıza deyil, bütün dünyaya çatdırır. Agentliyin əməkdaşları həm də yaradılan şəraitdən səmərəli istifadə edərək milli dəyərlərimizin, tarixi-mədəni irsimizin qorunub yaşadılması sahəsində həyata keçirilən tədbirləri, Naxçıvanın zəngin turizm potensialını, muxtar respublikada baş verən yenilikləri, əldə olunan inkişafı veriliş, film, videoçarx və xəbər sujetləri vasitəsilə geniş tamaşaçı kütləsinə çatdırır və təbliğ edirlər. Fikrimizcə, agentliyin sosial şəbəkələrdə dövlətimizin əleyhinə kampaniya aparanlara qarşı mübarizəsi də yüksək qiymətə layiqdir.
Təbii ki, agentliyin daşıdığı məsuliyyət ağırdı. Hər gün muxtar respublikanın qaynar həyatını izləyən, aktual xəbərləri sayta yerləşdirən agentliyin fəaliyyəti şəhər və rayon qəzetləri üçün bir nümunədir. Kiçik kollektivlə yorulmadan, gecəli-gündüzlü xəbərləri toplamaq, hazırlamaq, redaktə edib sayta yerləşdirmək, mütəmadi yeni xəbər yayımlamaq doğrudan da asan iş deyil. Heç şübhə yoxdur ki, Nuhçıxan bundan sonra da adına layiq fəaliyyət göstərəcək, Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişafı və tərəqqisinin əsas təbliğatçısına çevriləcək, oxucularına məlumat çatdırmaqla yanaşı, həm də vətənpərvərlik və Azərbaycan dövlətçiliyinə sədaqət ruhu aşılayan bir informasiya mənbəyi olacaqdır. Uğurlar, NUHÇIXAN!
Sara ƏZİMOVA,
Naxçıvan Muxtar Respubliksı Televiziya və Radio Şurasının üzvü