Qədim və zəngin ənənələrə malik Azərbaycan teatrı ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə əsl inkişafa və intibaha qovuşub, peşəkar aktyor və rejissor kollektivi formalaşıb.
NUHÇIXAN xəbər verir ki, bu faktlar Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Beynəlxalq Teatr Günü münasibətilə keçirilən tədbirdə səsləndirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək bu günün tarixi barədə məlumat verib.
Nazir qeyd edib ki, Naxçıvan Muxtar Respublikasında teatrların fəaliyyətinə hərtərəfli qayğı göstərilir. Son illər muxtar respublikada teatrların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Teatrlarımızın yaradıcılıq axtarışları gündən-günə genişlənir.
Nazir çıxışının sonunda bildirib ki, xalqımızın qədim və zəngin mədəniyyətini yaşatmaq, vətənpərvərlik duyğularını gücləndirmək, yüksək səviyyəli estetik-mənəvi təsirə malik olan əsərləri səhnəyə gətirmək teatrlarımızın mühüm vəzifəsi və məqsədidir.
Tədbirin bədii hissəsində yazıçı-dramaturq, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Əli Əmirlinin “Əli və Nino” tamaşasına baxış olub.