Mövzu ilə bağlı AMEA Naxçıvan Bölməsinin filologiya üzrə fəlsəfə doktoru, dosent Aytən Cəfərova NUHÇIXAN-a müsahibəsində bildirib ki, Qədim türklərin mövsüm və mərasimlər haqqındakı düşüncələri onların icra etdikləri ayin və rituallarda öz əksini tapır. Hər fəsildə təbiətin dəyişkənliyi qədim insanı heyrətləndirib və bu heyrət onu müxtəlif ayinlər yaratmağa sövq edib. İqlim və hava dəyişiklikləri insanların təbiət hadisələrini ram etmək istəyini formalaşdırıb. Məhz buna görə də mövsümlərlə bağlı mərasimlər zaman-zaman sistemləşərək bu günə qədər gəlib çıxıb.
Aytən Cəfərova xalq təqvimində qış mövsümünün “çillə” anlayışı ilə izah olunmasının səbəbini açıqlayaraq bildirib ki, türk xalqlarının qədim mifoloji düşüncəsinə görə, qış xalq təqvimində çillələrə bölünür. “Çillə” anlayışı məşəqqət, əziyyət və çətinlikdən çıxmaq mənasını verir. Bu gün də dilimizdə işlənən “çillədən çıxmaq” ifadəsi həmin inamın izlərini daşıyır. Xalq düşüncəsində qış təbiətin ən ağır dövrü hesab olunur və bu mərhələdən çıxmaq, doğrudan da, bayram edilməli bir keçid kimi qəbul edilir.
Böyük Çillə, Kiçik Çillə və Boz ay mərhələləri Novruza qədərki çox önəmli dövrlərdir. Böyük Çillə adətən daha mülayim keçir, əsas şaxtalar isə Kiçik Çillə dövrünə təsadüf edir. Xalq yaddaşında bu iki mərhələ bəzən iki qardaş, bəzən də iki bacı kimi təsvir olunur. Böyük Çillə yumşaq təbiətli, Kiçik Çillə isə sərt və ərköyün obrazda təqdim edilir. Xalq Kiçik Çilləni “qışın oğlan çağı” adlandırır və onun sərtliyini ailədəki kiçik övladın ərköyünlüyü ilə izah edir.
Aytən Cəfərova vurğulayıb ki, Böyük Çillə dekabrın 20-də daxil olur və bu günün axşamı xüsusi mərasimlərlə qarşılanır. Evlərdə qovurğa qovrulur, süfrələr şirniyyatlarla bəzədilir. Çillə gecəsinin ən mühüm atributu isə qarpızdır. Xüsusilə Naxçıvan Muxtar Respublikasında və Qərbi Azərbaycanda hər evdə çillə qarpızının kəsilməsi ənənəsi mövcuddur. Qarpızdan ailənin hər bir üzvü dadmalıdır. Hətta nişanlı qız və oğlan evlərinə də çillə qarpızı aparılır.
Çillə qarpızının sakral mənasına toxunan dosent qeyd edib ki, Çillə qarpızının həm rəngi, həm də qoruyucu anlamı var. Yaşıl və qırmızı rənglərin vəhdəti qədim insan üçün həyat, istilik və od rəmzi idi. Qırmızı rəng günəşin və ocağın simvolu olmaqla yanaşı, şər qüvvələrdən qoruyucu funksiyaya da malikdir. Qarpızın qışın ortasında süfrəyə gətirilməsi Tanrıdan istilik və bərəkət diləmək anlamı daşıyır.
Qərbi Azərbaycan və Naxçıvan bölgələrində çillə mərasimlərinin yaşadılmasına toxunab müsahibimiz bildirib ki, Qərbi Azərbaycanın müxtəlif mahallarında, eləcə də Güney Azərbaycanda Böyük Çillənin gəlişi mərasimlərlə qeyd olunub. Deportasiyaya məruz qalmış soydaşlarımız bu adətləri bu gün də yaşadırlar. Məsələn, Ordubad rayonunun Parağa kəndində məskunlaşmış Dərələyəz mahalından olan ailələr çillə gecəsində mütləq “şıppıq aşı” bişirirlər. Bu yemək bədənə istilik verir və “qalın qış”a hazırlıq rəmzi daşıyır.
Aytən Cəfərova qeyd edib ki, Böyük Çillə dövründə icra olunan, lakin bu gün unudulmuş mərasimlərdən biri də Saya mərasimidir. Bu mərasim qoyunçuluqla bağlı məhsuldarlıq bayramı idi. Saya mərasimi Kosa-kosa oyununu xatırladır. Sayaçı adlanan insanlar çoban paltarı geyinib, qapı-qapı gəzərək nəğmələr oxuyar, pay yığardılar. Bu mərasim yanvarın ortalarında – qoç sürüyə qatılan vaxt keçirilirdi və məqsəd bərəkət, bolluq diləmək idi. Bütün bu ayin və rituallar xalqın təqvim düşüncəsinin, təbiətlə münasibətinin və dünya görüşünün qədim qatlarını əks etdirir. Çillə mərasimləri qışın sərtliyinə qarşı mənəvi hazırlıq, məhsuldarlıq və həyatın davamlılığına inamın ifadəsidir.
