Fiziki məhdudiyyət inkişafa, uğur qazanmağa əngəl ola bilməz - FOTOLAR

A- A A+

Azərbaycanın bütün regionlarında, o cümlədən Naxçıvan Muxtar Respublikasında sosial cəhətdən həssas qrupların hüquqlarının etibarlı müdafiəsi, onların maddi və mənəvi tələbatlarının ödənilməsi, dolğun həyat şəraitinin təmin edilməsi istiqamətində reallaşdırılan tədbirlərin əhatə dairəsi ilbəil artır. Fiziki imkanları məhdud şəxslərin sosial müdafiəsi, tibbi-sosial reabilitasiyası və cəmiyyətə fəal inteqrasiyası istiqamətində mühüm işlər görülür. Bu qəbildən olan insanların hər birinə hörmət və qayğı ilə yanaşılır, onların istedadının üzə çıxarılması, cəmiyyətə inteqrasiya olunmaları üçün hərtərəfli şərait yaradılır. Deyilənlərə misal olaraq, muxtar respublika sakini Züriyyə Musayevanın həyatına nəzər salmaq kifayət edər.

Züriyyə Musayeva Naxçıvan şəhərində doğulub. Naxçıvan Politexnik Texnikumunu bitirib. Arzularının çiçək açdığı gənclik çağlarında təsadüfi bir qəzadan ayağı zədə alıb. Sonradan məlum olub ki, bu qəza  ayaqlarında başlanan xəstəliyin nəticəsində baş verib.  O, bu xəstəliyə görə hər iki ayağından altı dəfə əməliyyat olunub. Uzun müddət qoltuq ağacları ilə gəzib. Hazırda isə çətinliklə yeriyir. Sümüklərində olan xəstəliyin nəticəsində qolları altı dəfə sınıb. Sağ əlinin üç barmağı işləmir. Lakin bu sıxıntılar, əzab-əziyyətlər Züriyyəni sındıra bilməyib. Üzərində dövlət qayğısını hiss edən qəhrəmanımız içindəki həyat eşqinin ölməsinə imkan verməyib. Z.Musayeva Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin nəzdindəki  tətbiqi sənət və rəsm əsərləri, tarix və mədəniyyətimizlə bağlı müxtəlif növ çap məhsullarının satış mərkəzinin direktorudur. Onun həyata inteqrasiyasına yaradılan şərait istedadının üzə çıxmasına, təkmilləşməsinə də rəvac verib. Beləcə kiçikölçülü xalçalar, palaz, kilim toxumaqla yanaşı, ağac üzərində çətən ilə işləmələr, bədii tikmələr, yandırmalar ərsəyə gətirərək satış mərkəzindəki əl işləri sırasında xüsusi tamaşaçı zövqünü oxşayıb, geniş alıcı marağına səbəb olub.

Öz potensialı ilə bərabər, ona göstərilən dövlət dəstəyi Z.Musayevanı həyata qırılmaz tellərlə bağlayıb. O, muxtar respublikada keçirilən sərgi-satışlarda, festivallarda fəal iştirak edir. Dəfələrlə  I,II  yerlərin qalibi olması, fəxri fərman və diplomlara layiq görülməsi də məhz dövlət dəstəyindən yararlanmağının nəticəsində olub. Z.Musayevanın timsalında qətiyyətlə deyə bilərik ki, bu gün muxtar respublikada bütün fiziki imkanı məhdud şəxslər belə qayğı ilə əhatə olunub. Məhz buna görə də onlar özlərini həyatdan təcrid olunmuş hiss etmirlər. Çalışırlar ki, öz əməkləri ilə qədim diyarımızın çiçəklənməsinə töhfə versinlər. 

Söylənilənlərə daha bir misal olaraq Kəngərli rayonundan olan, tək qolu ilə  5 hektarlıq meyvə bağı becərən Hümbət Həsənovu da göstərə bilərik. Həyatsevərliyi ilə diqqət çəkən bu insan fiziki  məhdudiyyətinə baxmayaraq,  cəmiyyətə faydalı insan olmağı qarşısına məqsəd qoyub. Dövlət tərəfindən yeni salınmış 14 hektarlıq  tut bağının becərilməsinin ona həvalə olunması Hümbət kişini daha da həvəsləndirib. Gələcəkdə bağı daha da genişləndirmək,  boş şoranlıq ərazilərə yeni ağaclar əkmək fikrindədir.

Babək rayonunun Şəkərabad kəndində yaşayan, hər iki ayaq və qollarındakı sağlamlığı itirən Aslan Məhərrəmov da dövlətin bu qəbildən olan insanlara yaratdığı şəraitdən bəhrələnib. O, 55 hektar  sahədə taxıl, müxtəlif tərəvəz bitkiləri əkib becərir. Deyir ki, torpağın becərilməsində, məhsulun satışında dövlət tərəfindən ona hər cür köməklik göstərilir. Həmçinin A.Məhərrəmov arıçılıqla da məşğuldur. Eləcə də kəntdə tikilən xidmət mərkəzində mağazası var.

Muxtar respublikada Züriyyə, Hümbət və Aslan kimi məhdud fiziki imkanlı şəxslərin həyat fəaliyyətinə yaradılan şərait göz önündədir. Bu, onlarda mübariz olmaq hissini daha da gücləndirir, özünə inamı bir qədər də artırır. Ümumiyyətlə, muxtar respublikada məhdud fiziki imkanlı şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların minik avtomobilləri və texniki-bərpa vasitələri ilə təmin edilməsi, təhsil və məşğulluq imkanlarının yüksəldilməsi, istedad və bacarıqlarının inkişaf etdirilməsi, habelə asudə vaxtlarının səmərəli təşkili üçün hərtərəfli şərait yaradılıb. Bu günədək müvafiq kateqoriyadan olan 460 sağlamlıq imkanları məhdud şəxs minik avtomobili, 173 ailə yaşayış evləri ilə təmin edilib. Bununla yanaşı, sağlamlıq imkanları məhdud şəxslərin müalicələri, istirahətləri və asudə vaxtlarının təşkili üzrə tədbirlər də davam etdirilir. Təkcə ötən il ərzində 534 nəfərə sanator-kurort göndərişləri verilib, 307 nəfərə protez-ortopedik xidmət göstərlilib, 369 nəfərə texniki reabilitasiya vasitələri verilib. 46 uşaq Ağbulaq İstirahət Mərkəzinə göndərilib, əlamətdar günlərlə əlaqədar keçirilmiş tədbirlərdə 2910 nəfər sağlamlıq imkanları məhdud şəxsə sovqatlar təqdim edilib.

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, məhdud fiziki imkanlı şəxslərin məşğulluğunun təmin edilməsi də muxtar respublikada daim diqqət mərkəzində saxlanılır. Ali Məclis Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Pro­qramı”nın icrası da məhdud fiziki imkanlı şəxslərin sosial müdafiəsinin güclənməsinə əsaslı zəmin yaradır. Ötən ilin 10 ayı ərzində əmək bazarının tələblərinə uyğun olaraq təşkil edilən müvafiq peşə kurslarına sağlamlıq imkanları məhdud 23 nəfər cəlb edilib, bu kateqoriyadan olan 63 şəxs münasib işlə təmin olunub. Sağlamlıq imkanları məhdud şəxslərin özünüməşğulluqlarının təmin edilməsi məqsədilə 40 nəfər sosial xarakterli haqqı ödənilən ictimai işlərə cəlb olunub, 30 nəfərə fərdi ailə təsərrüfatlarını formalaşdırmaq üçün köməklik göstərilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası isə bu kateqoriyadan olan uşaqların təhsil almasına, onların reabilitasiyasına, cəmiyyətə daha fəal inteqrasiyasına yeni imkanlar yaradır. Cari tədris ilində sağlamlıq imkanları məhdud aztəminatlı 278 uşaq məktəbli geyimi, məktəbli ləvazimatı, habelə qış geyimləri ilə təmin olunublar. Yay tətili günlərində sağlamlıq imkanları məhdud məktəbli uşaqların asudə vaxtlarının səmərəli təşkili məqsədilə uşaqların Naxçıvan şəhərində muzeylərə, tarix-memarlıq abidələrinə, istehsal və emal müəssisələrinə ekskursiyalarının təşkil olunması, təhsildə fərqlənən məktəbli uşaqların Ağbulaq İstirahət Mərkəzinə göndərilməsi də diqqətdə saxlanılır. İstirahət mərkəzində onların asudə vaxtlarının səmərəli təşkili məqsədilə müsabiqələr və idman yarışları keçirilir. Bununla yanaşı, Naxçıvan Dövlət Kukla Teatrında sağlamlıq imkanları məhdud uşaqlar üçün tamaşalar nümayiş etdirilir.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən əldə etdiyimiz məlumat əsasında onu da əlavə edə bilərik ki, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinə Naxçıvan şəhərindən və rayonlardan sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların və müxtəlif kateqoriyadan olan fiziki imkanları məhdud şəxslərin  cəlbi indi də davam etdirilir. Onların Şahmat Mərkəzi, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi ilə təşkil edilmiş interaktiv dərslərdə iştirakı təmin edilir. Bu qəbildən olan  uşaqların peşə təhsilinə, musiqi məktəblərinə, məktəbdənkənar müəssisələrin dərnəklərinə cəlb edilməsi, onların istirahətlərinin və asudə vaxtlarının səmərəli təşkili, yaradıcılıq potensiallarının artırılması da diqqətdə saxlanılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ümumtəhsil məktəblərinin yuxarı siniflərində təhsil alan şagirdlərə peşəyönümü məşğələlər keçirilir, əmək bazarının tələbinə uyğun peşə və ixtisaslar barədə məlumatlar verilir. Elə bu işlərin nəticəsi olaraq, 2018-2019-cu tədris ilinin əvvəlində Naxçıvan Musiqi Kollecinə 3, Naxçıvan Dövlət Texniki Kollecinə 5, Naxçıvan Tibb Kollecinə 4, ali təhsil müəssisələrinə 14 sağlamlıq imkanları məhdud uşaq qəbul olunub. Bununla yanaşı, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində eşitmə qabiliyyəti məhdud  uşaqların tədrisi davam etdirilir. Diqqət zəifliyi və hiperaktivliyi olan uşaqlar üçün mərkəzin təlim-bərpa otağında məşğələlər keçirilir, art terapiya kursları təşkil olunur. Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi tərəfindən onlar üçün ustad dərslərin keçirilməsi, kinekt oyunların və əmək terapiyası otaqlarının fəaliyyətinin davam etdirilməsi də dövlət qayğısının bariz nümunəsidir.

Məlumat üçün qeyd edək ki, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin audiokitabxana fondunda 1386, elektron kitabxana fondunda 773, brayl kitabxana fondunda isə 981 kitab mövcuddur. Görmə məhdudiyyətli şəxslər üçün “Könül işığı” adlı aylıq brayl jurnalının, habelə uşaqlar üçün “Şəfəq” adlı xüsusi nəşrlərinin nömrələri də audiokitabxananın kataloquna daxil edilib. Ötən il mərkəzdə bütün zəruri avadanlıq və metodiki vəsaitlərlə təchiz edilmiş musiqi terapiya otağı istifadəyə verilib və hazırda musiqi terapiyasına 17 uşaq cəlb edilib. Sevindirici haldır ki, sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası üçün yaradılan şərait nəticəsində Mərkəzin təlimlərinə cəlb edilən uşaqlardan 45-nin tam reabilitasiyasına nail olunub. Məhdud fiziki imkanlı şəxslərin idman qruplarına cəlbi və onların cəmiyyətə inteqrasiyası məqsədilə muxtar respublikanın rayonlarında boccia və stolüstü tennis üzrə yeni idman bölmələri də yaradılıb, məşqçi-müəllimlər müəyyənləşdirilib. Bölmələr yarışların keçirilməsi üçün zəruri olan avadanlıqlarla təchiz edilib. Hazırda muxtar respublika üzrə Paralimpiya Federasiyasının 14 bölməsi fəaliyyət göstərir.

Bunlarla yanaşı, Naxçıvan şəhərindəki Əlillərin Bərpa Mərkəzinə və Uşaq Bərpa Mərkəzinə yeni tibbi avadanlıqların alınması, Mərkəzdə “Şorsu” palçığı və “Darıdağ” arsenli suyunun tətbiqi üçün yeni müalicə otaqlarının yaradılması, müvafiq kateqoriyadan olan uşaqların asudə vaxtlarının səmərəli təşkili üçün ərazidə əyləncəli  oyun sahəsinin istifadəyə verilməsi də bu taleyi yaşayan uşaqların cəmiyyətə inteqrasiyasına hesablanıb. Muxtar respublikada əlamətdar günlərdə məhdud fiziki imkanlı şəxslərin iştirakı ilə tədbirlərin həyata keçirilməsi isə ənənə halını alıb. Beynəlxalq əlillər günü münasibətilə sağlamlıq imkanları məhdud  şəxslərlə görüşlər keçirilir, onlara sovqatlar təqdim olunur, evlərində yad edilir. Sağlamlıq imkanları məhdud ifaçılardan ibarət “İnam” musiqi qrupunun, həmçinin sağlamlıq imkanları məhdud uşaqların ifasında konsert proqramının təşkil edilməsi də onların həyata inamını artırır. Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud uşaqların intellektual səviyyələrinin artırılması məqsədilə “Sən gül ki, dünya gülsün!” adlı bilik müsabiqəsinin keçirilməsi də bu addımlardandır.

Sonda qeyd edək ki, ümumilikdə, muxtar respublikada sosial-­iqtisadi sahədə dinamik inkişaf təmin olunub. Bu inkişaf  çərçivəsində Naxçıvanda yaşayan hər bir  məhdud fiziki imkanlı şəxslərin də rifahının yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılır, onların cəmiyyətə inteqrasiyası, özünün inkişafı, bərabər hüquqlu vətəndaş kimi özlərini hissə etməsi üçün lazımi imkanlar yaradılır.

Hafizə Əliyeva

Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri Komitəsinin əməkdaşı, Əməkdar jurnalist

Yazı Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) "Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma” regional proqramı çərçivəsində jurnalistlər arasında "Əlilliyi olan şəxslərin hüquqları: Qanunvericilik və onun tətbiqi" mövzusunda elan edilmiş müsabiqəyə təqdim edilir.

,

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: