Sədərək rayonunda özünəməşğulluq proqramı diqqət mərkəzindədir - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Sədərək rayonunda Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti və Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin əməkdaşlarının iştirakı ilə müvafiq proqrama cəlb edilən sakinlərlə görüş keçirilib.
Tədbirdə sakinlərə verilmiş aktivlərdən təyinatına uyğun istifadə edilməsi, iri və xırdabuynuzlu heyvanların saxlanılması, yetişdirilməsi və istifadə olunmasının təşkili, onlar arasında xəstəliklərə qarşı peyvəndləmə tədbirlərinin aparılmasından danışılıb. Sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb ola biləcək hadisələrin baş verməsi ehtimalı, həmçinin bu ehtimala qarşı sığortaçının üzərinə götürdüyü öhdəliklər və digər zəruri işlərlə bağlı müvafiq məlumatlar verilib.
İştirakçıları maraqlandıran suallar cavablandırılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış maarifləndirici bukletlər tədbir iştirakçılarına təqdim olunub. Həmçinin, fərdi ailə təsərrüfatlarını nümunəvi inkişaf etdirdiyinə görə bir nəfər Nazirlik tərəfindən diplomla mükafatlandırılıb.
Sonda sakinlər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.