Prezident imzası ilə azadlığa doğru - FOTOLAR
Bir neçə ay bundan öncə məhkumlar haqqında bir yazı yazmışdım:
“Onlar gün saymır, bir gün azadlığa oyanmaq ümidi ilə yuxuya gedirlər.” Bəli, o gün bu gündür.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin amnistiya elan olunması təşəbbüsü əsasında dekabrın 19-da Milli Məclis tərəfindən qəbul edilən Amnistiya aktının icrasına dünən başlanıldı. Minlərlə məhbus cəzasının tamamlanmamış hissəsindən azad olundu. Bunu düşünmək sevindiricidirsə, gör hiss etmək və yaşamaq nə qədər gözəldir.
Bu təşəbbüslə ümumilikdə 20 min nəfər dövlətin humanizm siyasətindən faydalana biləcək. Təkcə 20 min yox, nəzərə alsaq ki, onları evlərində qarşılayan ailə üzvləri, doğmaları, dost-tanışları var, onda bu rəqəmin miqyası daha da böyüyərək yüz minlərlə insanı əhatə edəcək. Bu da göstərir ki, verilən qərar təkcə məhbusun deyil, bütöv ailələrin taleyini işıqlandırır.
Onlar illərdi gün üzünə yox, azadlığa həsrət idi. Bəlkə də heç nə üçün gün saymayan bu insanlar ölkə başçısının amnistiya elan olunması təşəbbüsü ilə azadlığa qovuşdular.
Ömürlük? Deyə bilmərik. Ümidin səngidiyi, sözün yaddan çıxdığı bu məkana qayıtmağı yenidən düşünmək, yəqin ki, ağılsızlıq olardı. Həyatın dayandığı, xəyalların insan beynini diddiyi bu yeri arzulamaq isə dəhşətdir.
Düşünün, cəzaçəkmə müəssisəsində vaxtın bitməsini gözlədiyin halda anidən qərar verilir və sən cəzanın bitməmiş hissəsindən islah olunmuş hesab edilirsən. Mən buna yenidən həyat vermək kimi baxıram. Yəni cəmiyyətə yenidən bir insan qaytarılır. O insan özü də anlayır ki, həbsxanadan kənarda günlər bir-birinə bənzəmir. Saatlar Nuh əyyamından qalmış kimi paslanmayıb. Fəsillər rəngarəngdir. Orada insan yaşadığının yox, həm də nəfəs aldığının fərqinə varır.
Bəzi məhkumlar üçün islah evi bir oyanış, bir diriliş, yenidən özünü tapmaq yoludur. Bəziləri üçün isə sadəcə həyatda qalmaq uğrunda mübarizədir. Onlar burada nə qədər “yaxşı” olduqlarını desələr də, susqunluqlarında tamam başqa bir həqiqət danışır. Bu həqiqətin adı vicdan əzabıdır. Çünki bu divarlar azadlıq üçün bağlı, həqiqət üçün isə açıqdır.
Kim bilir, bəlkə də onların içində min bir peşmançılıq hissi var. Gün işığı pəncərələrinə toxunmadığı üçün azadlığın nə olduğunu çoxdan unudublar. Elə düşünürlər ki, onları heç kəs xatırlamır, heç kəs can yandırmır və hər kəsin yadından çıxıblar. Elə hiss edirlər ki, peşmançılıqlarını görən də, duyan da yoxdur.
İçəridə günlər bir-birinə o qədər bənzəyir ki, sevdiklərini yalnız xatirələrindəki üzlərdən tanıyırlar. Elə evdəkilər də dustaqla bərabər dustaqlaşır, demək olar. Özlərinə vurulan zərbəni dolayısı ilə canlı mərmi kimi onlara tuşlayırlar.
Ümidin bitdiyi yerdən başlayır bəzən həyat. Bir sözlə, bir imza ilə, bir təşəbbüslə. Ölkə başçsının verdiyi bu təşəbbüs imkan verdi ki, azadlığı dadan məhkumlar ayaqlarının, əllərinin, gözlərinin qədrini bilsinlər. Özlərini pis və zərərli vərdişlərdən uzaq tutsunlar. Daima ətraflarında bir nəfər olsun. Onları bir baxışla, bir sözlə dayandıra biləcək biri.
Unutmayaq: azadlıq sahib olmaq yox, onu qoruya bilməkdir.
Fariz Əhmədov
Naxçıvan televiziyasının baş redaktoru