Babək rayonunda planaalma işləri başa çatdırılıb - FOTOLAR
Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Babək rayonunun bütün yaşayış məntəqələrində torpaq sahələrinin konturlarının çöl geodeziya-ölçmə işləri aparılmaqla dəqiqləşdirilməsi başa çatdırılıb.
Planaalma işləri Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitutunun mütəxəssisləri tərəfindən müasir geodeziya-ölçü avadanlıqlarından istifadə edilməklə yüksək dəqiqlik və keyfiyyətlə yerinə yetirilib.
Rayonun 35 yaşayış məntəqəsində aparılmış planaalma işləri nəticəsində 19 mindən artıq daşınmaz əmlak obyektinin elektron kadastr məlumatları Komitənin informasiya bazasına daxil edilib, yaşayış məntəqələrinin yeni yerquruluşu xəritələri hazırlanıb.
Rayonun bütün bələdiyyələrinin mövcud mülkiyyət növləri üzrə torpaq sahələrinin elektron torpaq kadastr xəritələri hazırlanıb, kadastr xəritələrinin məlumatları ilə torpaq reyestrində saxlanılan məlumatların uyğunluğu yoxlanılıb və uçotu aparılıb. Babək rayonunun 82 842 ha ərazisinin 26 537 hektarı dövlət, 43 235 hektarı bələdiyyə, 13 070 hektarı isə xüsusi mülkiyyətdə olan torpaq sahələridir.
Rayonun kəndlərində torpaqlardan səmərəli istifadə və onların mühafizəsinə dair aparılan monitorinqlər nəticəsində 4 hektaradək torpaq sahəsindən qanunsuz istifadə halı aradan qaldırılıb, 6 fiziki şəxsə xəbərdarlıq olunub, 8 fiziki şəxs barəsində müvafiq tədbir görülməsi üçün məlumatlar aidiyyəti üzrə göndərilib.
Hazırda planaalma işləri başa çatmış yaşayış məntəqələrinin ərazilərində mülkiyyət növündən və təyinatından asılı olmayaraq bütün torpaq sahələrinə dair göstəricilər baza məlumatları ilə müqayisə olunur, uyğunsuzluqların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.