Anar İbrahimov: ““Nuhçıxan” peşəkarlıqla vətənpərvərliyin uğurlu vəhdətidir”

A- A A+

Aprelin 1-də Azərbaycan informasiya məkanında uğurlu layihə olan “Nuhçıxan” İnformasiya Agentliyinin fəaliyyətə başlamasının  bir ili tamam olur. Bir il xronoloji baxımdan hansısa mərhələ olsa da, işgüzar aləm  və insan həyatına görə elə də böyük bir zaman dilimi demək deyil. Elə buna görə də bir çox hallarda hansısa işə, layihəyə qiymət verilərkən daha uzun xronoloji çərçivələri axtarmaq üçün zamanı gözləmək lazım olur. “Nuhçıxan” isə son bir ildə öz fəaliyyəti, peşəkarlığı, işə yanaşması ilə sübut etdi ki, informasiya məkanına yenicə daxil olan bir qurum özünəməxsusluğu ilə çoxsaylı və bir-birini təkrarlayan formatlardan və çərçivələrdən kənarlaşaraq, mahiyyətcə yeni və maraqlı, hətta faydalı  ola bilər.

Naxçıvan Muxtar Respublikasının Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin təsisçiliyi ilə yaradılan “Nuhçıxan”ın  bir agentlik olaraq qısa zamanda uğur qazanması, kifayət qədər geniş auditoriyaya sahiblənməsi həm də uğurlu bir idarəetmə örnəyidir. Ənənəvi olaraq bu media qurumunda yaradıcı potensial, operativlik, tərəfsizlik  məfhumları vətənpərvərliyin, ən əsası isə cəmiyyətin nəbzinin və tələbatının, informasiya axınının ciddi və peşəkar analizinin məhsulu kimi təqdim edilir.

“Nuhçıxan” həm Azərbaycanın sıyasi paytaxtı – Bakıdan kənarda yaradılaraq, fəaliyyət göstərən, bununla belə keyfiyyətli informasiya məhsulu ilə həm bu sahənin özündə, həm də geniş oxucu ailəsində rəğbət və etibar qazanmanın da yaxşı örnəyidir. Fəaliyyəti ilə  bütün bu keyfiyyətləri qazandığı halda yaradılışından keçən bu qısa müddətdə daha önəmli bir prinsipə-ciddiliyə durmadan əməl etməsi “Nuhçıxan”ı müsbət mənada fərqləndirən amildir.

“Nuhçıxan” həm də bir vətənpərvərlik layihəsidir. Yaşadığımız dövr və zaman  yalan məlumatlar (fake news), informasiya ilə manipulyasiya və qloballaşan dünyanın gətirdiyi müsbət və mənfi imkanlardan gələn təhdidlər fonunda hansısa fərdin və ya təşkilatın, qurumun işində, fəaliyyətində tək peşəkarlığın olmasını yetərli saymır. O, işə yanaşmanı, həmin fəaliyyətin cəmiyyət, millət və dövlət üçün faydalılığını da vacib amilə çevirir. Əminliklə söyləmək olar ki, “Nuhçıxan”ın bu cür sürətli inkişafı, tanınması və özünütanıtması, bu prinsiplərə əməl etməsi, söykənməsi, bir daha təkrar edirəm, peşəkarlıqla vətənpərvərliyin uğurlu vəhdətinə görədir.

Təsis olunduğu gündən az bir müddətdə elə girişdiyi informasiya mübarizəsində, ordumuzun möhtəşəm Günnüt zəfərini olduqca peşəkarcasına, məsuliyyətlə təqdim edən, cəmiyyəti ilkin mənbədən və ölkəmizdə birinci olaraq məlumatlandırmaqla  “Nuhçıxan” İnformasiya Agentliyi informasiya məkanında ciddi faktor olacağına bir işarə verdi. Keçən bu il ərzində Agentliyin saytında təqdim edilən xəbərlər, analitik yazılar, dəyərləndirmələr, müzakirələrə səbəb olan məqalələr, onların aktuallığı, gündəmi zəbt etməsi və cəmiyyətdə maraqla qarşılanması çox şeydən xəbər verir.

“Nuhçıxan” agentlik, informasiya qurumu olmaqla bərabər həm də Naxçıvan mühitinin və jurnalistikasının səviyyəsinin göstəricisidir. Bu baxımdan qısa bir müddətdə cəmiyyətə açıq olan, olduqca şəffaf, bununla belə peşəkarlıq prinsipinə dayanaraq formalaşan  “Nuhçıxan” kollektivinin əməyini də ayrıca qeyd etmək lazımdır.

Bu əlamətdar gündə Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin, “Nuhçıxan” İnformasiya Agentliyinin bütün kollektivini təbrik edir, gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıram.

Anar İbrahimov

politoloq

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: