Bağışlamaq və əfv etmək ümumbəşəri humanist dəyərlərin bərqərar olmasına xidmət edən amil kimi bütün cəmiyyətlərdə həmişə yüksək qiymətləndirilib. Ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonra Ümummilli Lider Heydər Əliyev tərəfindən cəmiyyət və dövlət həyatının bütün sahələrində olduğu kimi, hüquqi sahədə də köklü islahatlar aparılmağa başlanıldı. Konstitusiyamızda insan və vətəndaş hüquq və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi bəyan edildi. İnsan hüquq və azadlıqlarının qorunması Ulu Öndərin qarşıya qoyduğu prioritet vəzifələrdən biri oldu. Görkəmli dövlət xadiminin demokratik prinsiplərin inkişafı istiqamətində atdığı qətiyyətli addımlar insan hüquq və azadlıqlarının müdafiəsi məsələsində də özünü büruzə verdi. Ulu Öndər bildirirdi ki, “Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olur”.
Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci il fevralın 10-da Şərq aləmində ilk dəfə olaraq Azərbaycanda ölüm cəzasının ləğvi ölkəmizin dünyəvi, demokratik, hüquqi dövlət quruculuğu yolu ilə inamla irəlilədiyini bir daha sübut edir. Ölüm cəzasının ləğvi tarixi hadisə olmaqla bərabər, cinayət-hüquq siyasətinin humanistləşdirilməsi sahəsində atılan qətiyyətli addımdır. Şərq aləmində ilk dəfə olaraq Azərbaycanda ölüm cəzasının ləğvinin ölkəmizin dünyəvi, demokratik, hüquqi dövlət quruculuğu yolu ilə inamla irəlilədiyini bir daha sübut etdiyini vurğulayan Ulu Öndər Azərbaycan xalqının çoxəsrlik ənənələrindən irəli gələn, ən yüksək dəyər olan insan həyatının qorunmasına təminat verən, insan ləyaqətinə hörmət və ehtiramı bütünlükdə ölkəmizdə demokratiyanın inkişafını nümayiş etdirən, xalqımızda nikbin gələcəyə inam yaradan ədalət, azadlıq, humanizm və insanpərvərlik kimi yüksək ideallara sadiq qalaraq bu tarixi bəyanatı verib. Ölüm cəzasının ləğvi məhz bu siyasətin məntiqi nəticəsi idi.
Azərbaycanda əfv və amnistiya təsisatları da Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti dövründə yaradılıb. Amnistiya və əfvetmə isə müstəqil dövlətimizin humanist siyasətinin davamlı təzahürüdür. Bu hüquqi prosedurun tətbiqi Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapmışdır. Konstitusiyanın 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Konstitusiyanın 109-cu maddəsinin 22-ci bəndinə görə, əfvetmə səlahiyyəti Azərbaycan Respublikasının Prezidentinə məxsusdur. Konstitusiyanın 95-ci maddəsinin I hissəsinin 19-cu bəndinə uyğun olaraq amnistiya məsələlərinin həlli isə Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətlərinə aiddir. Həmçinin Azərbaycan Respublikasının Cinayət qanunvericiliyinə əsasən Amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Cinayət törətmiş şəxslər Amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər.
Əfvetmə isə fərdi qaydada müəyyən edilmiş şəxs barəsində Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir. Cinayət törətməyə görə məhkum olunmuş şəxs əfvetmə aktı ilə cəzanın qalan hissəsini çəkməkdən azad edilə bilər, yaxud ona təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxsin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər.
Böyük mütəfəkkir Siseron qeyd edirdi ki, azadolma üçün qanunların qulu olmaq lazımdır. Amnistiya və əfvetmə şəxsə bəraət qazandıran və cinayətin törədilməsi faktını aradan götürən hal deyil, barəsində tətbiq ediləcəyi şəxsə göstərilən humanizmin təzahürüdür. Hər iki institut humanizmə, insan amilinə mərhəmət hissi ilə verilən ali dəyərdir.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti olduğu dövrdə Milli Məclis tərəfindən 22 may 1996-cı il, 17 oktyabr 1997-ci il, 12 may 1998-ci il, 29 dekabr 1998-ci il, 10 dekabr 1999-cu il, 1 fevral 2001-ci il və 6 may 2003-cü il tarixlərdə qəbul edilən Amnistiya aktları, ümumilikdə, 77 mindən çox insana şamil edilib. Ümummilli Liderin imzaladığı əfv fərmanları ilə 3 mindən artıq şəxs bağışlanaraq cəzalarından azad edilib.
Görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən ölkə başçısı cənab İlham Əliyevin insan hüquq və azadlıqlarının qorunması istiqamətində həyata keçirdiyi tədbirlər beynəlxalq aləmdə də yüksək dəyərləndirilir. İmzalanan əfv sərəncamları ölkəmizdə insan hüquq və azadlıqlarının dövlətin diqqət mərkəzində saxladığı prioritet istiqamətlərdən birinə çevrilib. Səhvindən səmimi peşmançılıq hissləri keçirən, dövlət başçısına bağışlanması ilə bağlı müraciət edən və ictimai asayişə təhlükə təşkil etməyən məhkumların bağışlanması insanların dövlət başçısına olan inamının təzahürüdür.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Milli Məclis Zəfər Günü münasibətilə 2021-ci ildə amnistiya elan edilməsi haqqında qərar qəbul edib. Həmin Amnistiya aktı 17 min 267 şəxsə şamil olunub. Bu qərar tətbiq olunan şəxslərin sayına görə həmin ilə qədər qəbul edilmiş ən geniş amnistiya olub.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın irəli sürdüyü təşəbbüs nəticəsində 2007-ci il may ayının 8-də Milli Məclisdə Amnistiya aktı qəbul edilib. Konstitusiya dəyərləri və hüquqi islahatlar kontekstində qəbul edilən Amnistiya, ümumilikdə, 9000 nəfərə şamil olunub.
Həmçinin Milli Məclis 2009-cu il martın 17-də Mehriban xanım Əliyeva tərəfindən təqdim edilən “Novruz bayramı ilə əlaqədar amnistiyanın elan olunması haqqında” Qanun layihəsini qəbul edib. Həmin akt 9 min məhbusa tətbiq olunub, 1700 məhbus azadlığa buraxılıb.
Birinci xanımın daha bir təşəbbüsü ilə milli həmrəyliyin gücləndirilməsi məqsədilə 2013-cü il 7 may tarixində qəbul edilən qərarla 10 040 məhkum barəsində amnistiya tətbiq edilib. 2016-cı ildə yenə də Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 28 May – Respublika Günü münasibətilə elan edilmiş amnistiya qərarı, ümumilikdə, 10 868 nəfərə şamil olunub. 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə elan edilən amnistiya da ən əhatəli aktlardan biri olub. Bu aktdan 15 minə yaxın şəxs faydalanıb. Təşəbbüs Milli Məclisin deputatı Mehriban xanım Əliyeva tərəfindən irəli sürülüb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər zaman insanpərvərlik qayəsindən çıxış edərək əfv sərəncamları imzalayıb. Ölkə Prezidentinin son 19 ildə imzaladığı 35 əfv sərəncamı, ümumilikdə, 5672 nəfərə tətbiq olunub, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul olunmuş 4 Amnistiya aktı isə 40 mindən çox insanı əhatə edib. Humanizm ənənələrini davam etdirən dövlət başçısı cənab İlham Əliyev tərəfindən hər zaman humanizm kimi ən ali prinsiplər rəhbər tutularaq əlamətdar tarixi günlərdə əfv sərəncamları imzalanır.
Təsadüfi deyil ki, həm Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən, həm də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul olunan əfv və amnistiya aktları bu günə qədər çoxsaylı ailəyə sevinc bəxş edib. Dövlət başçısı 18 ildə əfvlə bağlı 35 sərəncam imzalayıb. Bütün bu humanist addımlar, ümumilikdə, indiyədək 10 minə yaxın şəxsi əhatə edib. 2003-2021-ci illərdə Azərbaycanda həm də 4 dəfə amnistiya elan edilib. Bütövlükdə, müstəqillik dövründə ölkəmizdə 11 Amnistiya aktı, 67 əfv sərəncamı imzalanıb.
Ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikası Milli Məclisinin “Konstitusiya və Suverenlik İli” münasibətilə 19 dekabr 2025-ci il tarixdə elan etdiyi amnistiya isə müstəqillik tariximizin ən böyük amnistiyası hesab olunur. Bu amnistiya isə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq qəbul edilmiş milli Konstitusiyamızın 30 illiyi, Vətən müharibəsində qazandığımız tarixi və şanlı Zəfərin 5-ci ildönümü münasibətilə elan edilib.
“Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarında qeyd olunur ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin siyasi iradəsi və xilaskarlıq missiyası sayəsində müstəqil Azərbaycan dövlətinin qurulub möhkəmləndiyini, Ulu Öndərin rəhbərliyi ilə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasının müasir dövlətçiliyimizin hüquqi təməlini yaratdığını dərin ehtiramla xatırlayaraq, Azərbaycan Respublikası Konstitusiyasının ümumbəşəri dəyərlərə əsaslanaraq müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, digər ölkələrlə dostluq, sülh və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ülvi niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası olduğunu xüsusi qeyd edərək, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və uzaqgörən strategiyası, sarsılmaz liderliyi və Silahlı Qüvvələrimizin misilsiz qəhrəmanlığı sayəsində Vətən müharibəsində qazandığımız zəfər və lokal xarakterli antiterror əməliyyatı nəticəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsinin, Konstitusiyamızın ali qüvvəsinin ölkəmizin bütün ərazilərində bərqərar olunmasının xalqımızın ən böyük tarixi qələbəsi olduğunu böyük qürur hissi ilə vurğulayaraq, suverenliyin bərpasının milli həmrəyliyimizi, dövlətçilik ideologiyamızı daha da möhkəmləndirdiyini, xalq-dövlət birliyinin sarsılmazlığını bütün dünyaya nümayiş etdirdiyini və gələcək nəsillər üçün əbədi örnək olduğunu fəxrlə bəyan edərək, humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq, cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq, cəzadan azad olunacaq şəxslərin qanunlara dönmədən əməl edəcəklərinə və dövlətimizin inkişafına öz töhfələrini verəcəklərinə ümid edərək, suverenliyimizin və ərazi bütövlüyümüzün bərpasının memarı olan Azərbaycan Respublikasının Prezidenti tərəfindən irəli sürülmüş təşəbbüsü dəstəkləyərək və Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq, “Konstitusiya və Suverenlik İli” münasibətilə aşağıdakı amnistiyanın elan edilməsini qərara alır.
Bu amnistiya 5 noyabr 2021-ci il tarixdə elan olunmuş Zəfər amnistiyasının davamı olaraq ölkəmizin ərazi bütövlüyü və suverenliyinin tam təmin edilməsindən sonra irəli sürülmüş ilk böyük təşəbbüsdür. Bu amnistiyanın tətbiq ediləcəyi şəxslərin dairəsi və sayı əvvəlkilərlə müqayisədə xeyli genişdir. Belə ki, amnistiya qərarı 16 kateqoriya üzrə şəxslərə, habelə 13 müxtəlif cəza növü üzrə cinayət törətmiş və ya qanun pozuntusuna yol vermiş vətəndaşlara şamil ediləcəkdir.
Amnistiya qərarından, ilk növbədə, Birinci və İkinci Qarabağ müharibələrinin, habelə 2023-cü ilin sentyabrında keçirilmiş antiterror tədbirlərinin iştirakçılarının, şəhid ailələrinin və xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının faydalanacağı təqdirəlayiq haldır. Bu fakt bir daha təsdiq edir ki, Azərbaycan dövləti torpaqlarımızın azadlığı və suverenliyimizin təmin olunması uğrunda vuruşmuş, canlarını fəda etmiş qəhrəman övladlarını və onların ailələrini heç vaxt unutmur.
Bununla yanaşı, Ermənistandan deportasiya edilmiş soydaşlarımız, keçmiş məcburi köçkünlər, 20 Yanvar faciəsi və Xocalı soyqırımı nəticəsində əlil olmuş şəxslər, həlak olmuş və ya itkin düşmüş vətəndaşların yaxın qohumları da amnistiyanın tətbiqi dairəsinə daxil edilib. Eyni zamanda sosial həssas kateqoriyalara xüsusi diqqət yetirilib. Belə ki, qadınlar, 18 yaşına çatmamış yeniyetmələr, 60 yaşını tamam etmiş yaşlı şəxslər, əlilliyi olan vətəndaşlar, habelə öhdəsində azyaşlı uşaqları olan şəxslər də Prezident İlham Əliyevin humanist təşəbbüsündən faydalanmaq imkanı əldə ediblər.
Amnistiya və əfvetmə törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirən təqsirkar şəxslərin islah olunaraq düz yola qayıtması, onların cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra layiqli vətəndaş kimi azad cəmiyyətə qovuşması, bir daha cinayət əməli törətməməsi üçün lazımi tədbirlər görür, minlərlə məhkuma yenidən azadlıq bəxş edir.
Atılan bu humanist addımlar Azərbaycan dövlətinin siyasətində insan amilinə verilən yüksək dəyəri nümayiş etdirməklə yanaşı, hüquqi islahatların da zamanın tələbinə uyğun təkmilləşdirildiyini təsdiqləyir. Hər bir amnistiya aktı bir daha dövlətimizin humanist siyasətinin növbəti təzahürünün göstəricisidir. Şübhəsiz ki, Amnistiya aktına əsasən cəzadan azad edilmiş şəxslər müasir Azərbaycan dövlətinin layiqli vətəndaşı olacaq, qanunlara hörmət ruhunda davranaraq Vətənə və xalqa sədaqətlə xidmət edəcəklər.
Faiq SƏFƏROV
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun
şöbə rəisi, baş ədliyyə müşaviri,
prokurorluğun fəxri işçisi
