Əsirlikdə saxlanılan Elvin İbrahimovun hüquqları Ombudsmanın diqqət mərkəzindədir

A- A A+

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova erməni əsirliyində olan İbrahimov Elvin Arif oğlunun azad edilməsi ilə əlaqədar Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Elena Ajmone Sesseraya müraciət ünvanlayıb.

Ombudsman Aparatından NUHÇIXAN-a bildiriblər ki, müraciətdə Komitənin mandatı çərçivəsində E.İbrahimovun əsirlikdə olduğu müddətdə hər hansı fiziki və mənəvi zorakılığa məruz qalmamasının təmin edilməsi, əsir saxlanıldığı ölkədə fəaliyyət göstərən nümayəndəlikləri vasitəsilə onun səhhətinin və ümumi vəziyyətinin nəzarətdə saxlanılması və mümkün qədər qısa müddət ərzində Azərbaycan tərəfinə qaytarılmasında yardımçı olmaları xahiş olunub.

Xatırladaq ki, Azərbaycan Respublikasının vətəndaşı, Qazax rayonunun Yuxarı Salahlı kənd sakini, 1986-cı il təvəllüdlü, Qazax rayonlararası ruhi xəstəxanasında qeydiyyatda olan və dəfələrlə müalicə almış, II qrup əlil İbrahimov Elvin Arif oğlu bu ilin mart ayının 15-də evdən işə getmək adı ilə çıxıb, sonradan Qazax rayonunun Ermənistanın Noyemberyan rayonu ilə sərhəd xəttində yolu azaraq sərhədi keçərkən Ermənistan hərbçiləri tərəfindən açılmış atəş nəticəsində yaralanıb və hazırda əsirlikdə saxlanılır.

Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair 1949-cu il tarixli Cenevrə Konvensiyasının 3-cü maddəsinə əsasən, döyüş əməliyyatlarında bilavasitə iştirak etməyən mülki şəxslərin girov götürülməsi qadağan olunur və onlar tez bir zamanda mənsub olduqları ölkəyə qaytarılmalıdırlar.

Eyni zamanda, E.İbrahimovun II qrup əlil olduğunu və sərhədi səhvən keçərkən Ermənistan hərbçiləri tərəfindən yaralandığını nəzərə alaraq, adı çəkilən konvensiyanın 16-cı maddəsinə əsasən xüsusi qayğı və himayə ilə əhatə olunmalı, tez bir zamanda əsirlikdən azad edilməlidir.

Lakin təəssüflə qeyd edilməlidir ki, Ermənistan tərəfi hər zaman olduğu kimi, bu dəfə də beynəlxalq hüququn norma və prinsiplərini pozaraq, mülki şəxsi girov götürüb, onun əlilliyi olmasına baxmayaraq, tez bir zamanda ölkəsinə qaytarılması istiqamətində hər-hansı bir tədbir görməyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: