Festival-müsabiqəsinin qalibləri ilə görüş keçirilib - FOTOLAR

A- A A+

Naxçıvan Musiqi Kollecində “Testene-ART Baku” III Beynəlxalq İncəsənət Festival-müsabiqəsinin qalibləri ilə görüş keçirilib.

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, görüşdə iştirak edən  Naxçıvan Muxtar Respublikası Mədəniyyət naziri  Natəvan Qədimova Naxçıvan Musiqi Kollecinin muxtar respublikada mədəniyyətin inkişafında və orta ixtisaslı musiqiçi kadrların hazırlanmasında rolundan danışıb. Bildirib ki Kollec ali musiqi məktəbləri üçün əsas baza rolunu oynayır.

Naxçıvan Musiqi Kollecinin tələbələri  mart ayının 13-dən 17-dək Bakı şəhərində keçirilən “Testene ART Baku - 2019” III Beynəlxalq İncəsənət festival-müsabiqəsində iştirak edib və öz uğurlu çıxışları ilə seçilərək Festival-müsabiqənin qalibi olublar. Festival-müsabiqənin münsiflər heyətinin tərkibində Azərbaycanla yanaşı, Rusiya, Litva, İsrail və İtaliyadan olan nüfuzlu və tanınmış sənət adamları yer alıb.

Müxtəlif ölkələrdən 180-ə yaxın iştirakçının qatıldığı müsabiqədə Naxçıvan Musiqi Kollecindən 10 nəfər - 9  tələbə və 1 müəllim olmaqla instrumental ifaçılıq və xalq çalğı alətləri nominasiyaları üzrə iştirak ediblər.

Kollecin nağara ixtisası üzrə IV kurs tələbəsi Nəcəf Hacılı müsabiqənin Qran-pri mükafatına layiq görülüb. Qanun ixtisası üzrə kollecin müəllimi Sevinc Babayeva və tar ixtisası üzrə kollecin IV kurs tələbəsi Məmməd Məmmədli I yeri, balaban ixtisası üzrə III kurs tələbəsi Sərxan Əliyev, qanun ixtisası üzrə III kurs tələbəsi İnci Bağırlı, tar ixtisası üzrə III kurs tələbəsi Murad Behbudov və skripka ixtisası üzrə Rauf Bünyətzadə II yeri, fortepiano ixtisası üzrə III kurs tələbəsi Arzu Abbasova III yerin qalibləri olmuş, fortepiano ixtisası üzrə III kurs tələbələri Lamiyə Quliyeva və Nilufər Əliyeva diplomla təltif ediliblər.

Müsabiqənin qalibləri  və onların müəllimlərinə hədiyyələr təqdim edilib.

Naxçıvan Musiqi Kollecinin nağara ixtisası üzrə IV kurs tələbəsi, müsabiqənin Qran-pri mükafatçısı Nəcəf Hacılı belə mötəbər festival-müsabiqənin qalibləri olmağı Naxçıvan Musiqi Kollecinin və muxtar respublikanın böyük uğuru adlandırıb. Yaradılan şəraitə, yüksək tədris səviyyəsinə görə muxtar respublika rəhbərliyinə, müəllimlərə öz  minnətdarlığını bildirir.

Sonda müsabiqə qaliblərinin iştirakı ilə konsert olub. Konsertdə Azərbaycan və dünya bəstəkarlarının  əsərləri səsləndirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: