Peşəyə sadiqlik və fədakarlığın səbəb olduğu ucalıq

A- A A+

Səma aydın olsa da, o hər kəs üçün açıq deyil.  Ora yalnız cəsarəti, biliyi və iradəsi çatanlar yüksələ bilir. Pilotlar və təyyarə bələdçiləri məhz bu seçilmişlərdəndirlər.  Onlar  səmada təkcə təyyarəni idarə etmir. İnsan talelərini, ümidləri və həyatları da daşıyırlar. Məhz buna görə onları səma qəhrəmanları adlandırırlar. Xalqımızın tarixində belə qəhrəmanlar az olmayıb. Təlim uçuşlarında, döyüş tapşırıqlarında, mülki təyyarə qəzasında  həlak olan  qəhrəmanların adları da  tariximizin səhifələrinə yazılıb.

25 dekabr 2024-cü il…  AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğradığı o məşum hadisədən düz bir il ötür. Həmin gün Aktau səmasında baş verən təyyarə qəzası Azərbaycan Aviasiya tarixinin ən ağırlı səhifələrindən biri olmaqla yanaşı əsl qəhrəmanlığın nə demək olduğunu bizə göstərdi. Həmin  faciəli uçuşda “ Embraer 190”tipli sərnişin təyyarəsində  insan talelərini çiyinlərində daşıyan pilotlarımız  İqor Kşinyakin, Aleksandr Kalyaninov və təyyarə bələdçisi Hökumə Əliyeva ölümün qarşısından geri çəkilməyərək peşə andlarına son nəfəslərinədək sadiq qaldılar.   Pilotlar  son ana qədər təyyarəni idarə etmək , sərnişinlər üçün mümkün olanı  etmək yolunu seçdilər. Təyyarənin salonunda isə  Hökumə Əliyeva  öz sakitliyi və mərdliyi ilə insanların ümidi oldu.  O an təşviş,qorxu içində olan insanlara onun səsi dayaq, güvən oldu.  Son dəqiqələrinə qədər  sərnişinləri sakitləşdirməyə çalışan Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın “Hamı kəmərlərini bağlasın, hörmətli sərnişinlər, təlimata uyğun hərəkət edin. Hər şey yaxşı olacaq!”sözləri  təyyarədə olanlara yaşamaq gücü verdi. Saatlarla havada qalan təyyarədə onun ümid dolu  bu sözləri böyükdən-kiçiyə hər kəsin yaddaşına əbədi həkk olundu. Beləcə həyat ölümə qalib gəldi.  Həyatın ən çətin anlarında başqalarını düşünmək qəhrəmanlığın ən uca məqamı oldu. Onlar öz həyatları bahasına təyyarədə olan 67 nəfərdən  29-na yaşamaq şansı verdilər. Prezident İlham  Əliyevin sərəncamı ilə  həlak olan ekipaj üzvləri  İqor Kşnyakin, Aleksandr  Kalyaninov və Hökumə Əliyevaya ölümündən sonra Azərbaycanın Milli qəhrəmanı adı verilib. Onların xatirələri həm vətənimizdə, həm də  onun hüdudlarındann kənarda əbədiləşdirlib.

O qəza bir daha sübut etdi ki, qəhrəmanlıq  təkcə döyüş meydanında olmur. Qəhrəmanlıq bəzən səmada, metal gövdəli bir təyyarənin içində, çıxış yolu azlan , ümidlər itən anlarda doğulur. Qəhrəman pilotlarımız və təyyarə bələdçisi Hökumə Əliyeva məhz  belə bir məqamda o qəhrəmanlığı etdilər. Bu  səbəbdən onların adları səma qədər ucalarda dayanır. Nə qədər zaman keçsə  də xalqımız  o hadisəinin, o günün  kədər və qürurunu hər  daim xatırlayacaq.

 

Türkanə Əmoyeva

Naxçıvan televiziyasının redaktoru

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: