Culfada açıq hava idman qurğuları istifadəyə verilib - FOTOLAR

A- A A+

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın 2025–2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planına uyğun olaraq, Culfa şəhərində sadə tipli açıq hava idman qurğuları sakinlərin istifadəsinə verilib.

Muxtar respublikanın Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, gənclər və idman nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Məcid Seyidov və Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova yeni istifadəyə verilmiş idman qurğularına baxış keçirərək yaradılan şəraitlə yaxından tanış olublar.

Baxış zamanı idmanla məşğul olan yeniyetmə və gənclərlə söhbət edən rəsmi şəxslər avadanlıqlardan təhlükəsiz və düzgün istifadənin vacibliyini vurğulayıblar. Bildirilib ki, bu cür məkanlar gənclərin asudə vaxtının səmərəli təşkili ilə yanaşı, onların fiziki aktivliyinin artırılmasına və sağlam həyat tərzinin təşviqinə xidmət edir. Qeyd olunub ki, dövlətimizin həyata keçirdiyi bu cür layihələr əhalinin sağlamlığının qorunmasına, bədən tərbiyəsi və idmanın kütləviliyinin artırılmasına yönəlmiş addımların tərkib hissəsidir. Göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq ifadə edilib.

Quraşdırma aparılan hər bir ərazidə 12 dəst müxtəlif funksiyalı trenajor aləti, eləcə də skamyalar və tullantı qabları mövcuddur. Müxtəlif yaş qrupları üçün nəzərdə tutulan bu avadanlıqlar fiziki hazırlığın yüksəldilməsi, əzələlərin möhkəmləndirilməsi və müxtəlif məşq proqramlarının icrası üçün geniş imkanlar yaradır. Hazırda muxtar respublikanın şəhər, rayon və qəsəbələrində ümumilikdə 11 ərazidə açıq hava idman qurğuları əhalinin istifadəsinə verilib.

Rəsmilər Culfa rayonunda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Sağlam məhəllə” layihəsi ilə yaxından tanış olublar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: