Zamanın durdurulduğu Qaf Dağı ölkəsi... Naxçıvan Muxtar Respublikası - FOTOLAR
Türkiyə Dağcılıq Federasiyasının 13 nəfərlik üzvü Xocalı soyqırımının ildönümü münasibətilə fevralın 25-də Haçadağa yürüş etmişlər. Qrup üzvlərindən həvəskar dağcı Səlma Güvən ölkəsinə qayıtdıqdan sonra guncelkadın.com.tr saytında “Zamanın durdurulduğu Qaf Dağı ölkəsi.. Naxçıvan Muxtar Respublikası” sərlövhəli məqalə yazmışdır. Həmin məqaləni təqdim edirik.
Zamanın durdurulduğu Qaf Dağı ölkəsi..
Naxçıvan Muxtar Respublikası
Bugünkü yazımda sizə Naxçıvandan səslənirəm. Paytaxtı Naxçıvan şəhəri olan Naxçıvan Muxtar Respublikası Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz və Sədərək rayonlarından ibarətdir. Naxçıvan ilə Türkiyə arasındakı quru yol Türkiyə tərəfindən İğdır-Dilucu, Naxçıvan tərəfindən isə Sədərək gömrük keçid məntəqəsi ilə həyata keçirilir. Həmçinin həftənin üç günü Naxçıvan-İstanbul-Naxçıvan təyyarə reysləri olur.
Sahəsi 5,5 min kvadratkilometr olan Naxçıvan Muxtar Respublikası Azərbaycan ərazisinin 6,3 faizini əhatə edir. Demək olar ki, dağlıq quruluşa malikdir. Zəngin mineral suları və duz mədənləri vardır.
Naxçıvan səfərim son anda qərar verdiyim bir dağçılıq turu idi. Məqsədimiz Naxçıvanda müqəddəs hesab edilən və Nuhun gəmisinin toxunduğu Haçadağa dırmanmaq və Xocalı şəhidlərini anmaq idi. Ötən il getmədiyim üçün bu arzu ürəyimdə qalmışdı.
Böyük Atatürkün “Türk qapısı” adlandırdığı Naxçıvan Türkiyə ilə digər türk dövlətləri arasında əlaqə yaradan körpüdür. Türkiyə ilə 14 kilometr sərhədi var. Sərhədi təşkil edən torpaq İstiqlal savaşında Mustafa Kamal Atatürk tərəfindən qızıl pul verilərək İrandan alınmışdır.
Haçadağın mənim üçün mənəvi dəyəri böyükdür. Türkiyə Dağcılıq Fedarasiyasının üzvləri ilə birlikdə İğdırda görüşdük və Naxçıvana keçmək üçün toplaşdıq. İçim-içimə sığmırdı. Türkiyənin müxtəlif bölgələrindən gəlmiş 12 dağçı ilə yola düşdük. Qrupda iki qadın idik.
Yanımızda Naxçıvanı yaxşı tanıyan yoldaşımız vardı. Vaxtımız olmadığı üçün Naxçıvana iki gün ayırmışdıq. Birinci gün mədəni tur, ikinci gün isə Haçadağın zirvəsinə qalxacaqdıq. Qrupla birlikdə ilk getdiyimiz yer Duzdağ oldu. Duzdan ibarət bir dağın içərisindəki tuneldə irəliləyirdik. Dağın 180 metr altında astma, bronxit və digər tənəffüs yolu xəstəliklərinin müalicəsi üçün fizioterapiya mərkəzi fəaliyət göstərir. Naxçıvandakı sakitliyin və hörmətin əsas götürüldüyü yaşam mədəniyyətinin ilk əlamətlərini də elə burada hiss etdik.
Duzdağla tanışlıqdan sonra Naxçıvan şəhərinə yola düşdük. Geniş çölün ortasında müasir bir orta əsr ölkəsi yüksəlirdi. İlk görünüşdə heyran qaldığımız bir nizam vardı burda. Geniş küçələrində yol kənarlarında avtomobillər saxlanılmamışdı. Bir ölkə düşünün ki, şəhər mərkəzində dörd şəritli yolları, az sayda işıqforları olsun. Hərəkətdə piyadalara üstünlük verilsin. İnsanlar sakit təbiətli olsun. Qışqırıb səs-küy salan bir yana, yüksəkdən danışaraq ətrafdakıları narahat edən insan belə olmasın. Çox mədəni sakinləri var Naxçıvanın. İçimdən “mədəniyyət başqa bir aləmdir” demək keçdi .
Geniş küçələrdən keçərək Qrand otelə gəldik. Burada da bizi qarşılayan personal çox sakit təbiətli və hörmətcil idi.
Səfərimizin məqsədini öyrənən hər kəs fərqli bir qonaqpərvərlik göstərirdi bizə. İlk diqqətimi çəkən detal bizdəki kimi hər qarış torpaq parçasında bina tikən betoncu zehniyyətin burada olmaması idi. Əksinə binalar arasında o qədər məsafə var ki, bəzən yürüş etmək lazım olurdu. Yaşayış yerləri, dövlət idarələri, sosial binalar və ticarət mərkəzləri ayrı-ayrılıqda, nizamla yerləşir. Bizdəki kimi çörək sexinin, qaz balonu satan dükanların üstündə mənzillər yoxdu. Mədəniyyət, nizam-intizam, sənət binalardan tutmuş həyat tərzinə, düşüncələrə qədər hakimdir.
Qaldığımız otel Heydər Əliyev Sarayının yaxınlığında yerləşirdi. Saray isə şəhər mərkəzindədir. Lakin nə yüksək həyət divarları, nə ümumi giriş qapısı, nə də mühafizəçiləri vardı. Ali Məclisin və nazirliklərin binaları da şəhərin mərkəzində yerləşir. Dövlət xalqın içindədir. Dövlət dairələri xalq ilə arasına divar hörməyib. Sənaye mərkəzini gördük. Əsl ümumi girişi və yüksək divarları ilə bizdəki sarayları xatırladırdı. Bir anda gözlərim önünə bizim sənaye şəhərcikləri gəldi. Həqiqətən bir dövlətdə yaşamaq da, idarə etmək də böyük səriştə tələb edir. Təmizliyin və sakitçiliyin hakim olduğu Naxçıvan kimi. İnsan düşüncələrini saxlaya bilmir: “Biz bu səviyyəyə gələ bilmək üçün nə etməliyik?”
Proqramımızdakı muzeyləri gəzməyə başladıq. İlk ziyarət etdiyimiz yer Nuh Peyğəmbər türbəsi oldu. Naxçıvanda hər muzeydə bələdçi var. Gələn qonaqlara muzey haqqında geniş məlumat verirlər. Naxçıvan adını Nuh tufanından alır. Məna olaraq Naxçıvan “Nuh çıxan” deməkdir. Naxçıvanqalanın yaxınlığında yerləşən Nuh türbəsindən gəminin toxunaraq haça yaratdığı Haçadağ görünür. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Nuhun gəmisinin dayandığı Gəmiqayada arxeoloji araşdırmaların aparılması üçün Sərəncam imzalamış, araşdırmalar aparılmışdır. Məhz Nuhun məzarüstü türbəsi də Ali Məclis Sədrini Sərəncamı ilə bərpa olunmuş, içərisində Gəmiqayada aparılan araşdırmaların nəticəsi olan əsərlər, fotoşəkillər qoyulmuşdur.
Türbənin yaxınlığındakı Naxçıvanqala 632-652-ci illərdə inşa edilmişdir. Övliya Çələbinin qeydlərinə görə Monqol istilasına məruz qalmışdır. Qalanın içərisində 300 əsgərin qala biləcəyi sığınacaq var. Bu sığınacaqdan Araz çayına qədər yeraltı tunelin olduğu söylənilir. Qalanı gəzərkən Orta Asiya türk mədəniyyətinin nümunəsi olan daş qoç heykəlləri də gördük. Anadoludakı, Orta Asiyadakı və Azərbaycandakı daş qoç heykəllərin eyni olması bizi bir “mədəniyyət körpüsü” ilə birləşdirir. Eyni daş qoç heykəllər Bitlisdəki Səlcuqlu qəbiristanlığında da vardır. Şəhər mərkəzindəki Açıq Səma Altındakı Muzeydə də daş qoç heykəllər vardı.
Açıq Səma Altındakı Muzeyi ziyarət etdikdən sonra Möminə xatın türbəsində olduq. Möminə xatın türbəsi 12-ci əsrdə Atabəylər dövlətini quran Şəmsəddin Eldənizin paytaxt Naxçıvan şəhərində həyat yoldaşı Möminə xatın üçün inşa etdirdiyi memarlıq əsəridir. Orta əsr memarlıq sənətinin görkəmli nümayəndəsi memar Əcəmi Naxçıvani tərəfindən inşa edilmişdir. Vaxtilə türbənin yaxınlığında iki minarəli məscid və tac qapı da olmuşdur. Üzərindəki naxışlarda Qurandan surələr yazılmışdır. Burada muzey bələdçisi ilə Anadolu Agentliyi üçün reportaj da aldım.
Naxçıvan gecələri də çox işıqlı idi. Bütün binalar rəngarəng işıqlarla bəzədilmişdir. Küllərin içindən yenidən qurulan bir ölkə sanki gələcəyə meydan oxuyurdu.