Kiçik kəndin böyük qəhrəmanları: Dırnıs şəhidlərinə həsr olunmuş Yaddaş Təqvimi - FOTOLAR

A- A A+

Ordubad rayonunun Dırnıs kəndində Vətən uğrunda canından keçən oğulların xatirəsini yaşatmaq məqsədilə xüsusi Yaddaş Təqvimi hazırlanıb. Layihənin müəllifi İlahə Tofiqqızıdır. Təqvim bir kəndin tarix boyu göstərdiyi fədakarlığın, mərdliyin və Vətən sevgisinin rəmzidir.

Qələbənin 5-ci ildönümünə həsr olunan nəşr 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə şəhid ailələrinə və kənd sakinlərinə təqdim edilib.

Qarabağ müharibələri Dırnıs kəndinin taleyindən də yan keçməyib. Müxtəlif dövrlərdə bu kiçik kənd Vətənə yeddi şəhid verib. Hazırlanan təqvim hər ayı bir qəhrəmanın həyat yoluna həsr etməklə, şəhidlərin doğum və şəhadət tarixlərini, döyüş yolunu ardıcıllıqla göstərir.

Birinci Qarabağ müharibəsinə həsr olunmuş bölmədə Həsənov Fariz Sabir oğlu, Quliyev Azər Məhərrəm oğlu, Xudayarov Elnur Rza oğlu, Quliyev Sərxan Elxan oğlu və Əliyev Rövşən Həmzə oğlu haqqında məlumatlar və arxiv fotoları yer alıb. Təqvimdəki şəkillər təkcə döyüş xatirələrini deyil, onların uşaqlıq və məktəb illərini də yaşadır. Uşaqlıqda bir partanı bölüşən bu gənclər illər sonra Vətən yolunda eyni amal uğrunda şəhidlik zirvəsinə ucalıblar.

Təqvimdə həmçinin II Qarabağ müharibəsi qəhrəmanlarından biri — şəhid kapitan Vüqar Nəcəfovun xatirəsi xüsusi yer tutur. 2014-cü il avqust və 2016-cı il Aprel döyüşlərinin iştirakçısı olan Vüqar Nəcəfov Azərbaycan Ordusunun 90 illiyi medalı, “Vətən uğrunda” medalı, “Cəsur döyüşçü” medalı və “Vətənə xidmətə görə” III dərəcəli ordenlə təltif edilib. Füzuli, Cəbrayıl və Xocavəndin azad olunması uğrunda döyüşlərdə qəhrəmanlıq göstərən kapitan II Qarabağ müharibəsinin ilk günlərində Cəbrayıl istiqamətində şəhid olub. Onun uşaqlıq və döyüş illərinə aid fotoları təqvimdə yer alaraq bu qəhrəman ömrünü bir daha canlandırır.

Tarix boyu ağır itkilər verən Dırnıs kəndi Böyük Vətən müharibəsində də 47 oğlunu itirib. Həmin şəhidlərin adları və həyat tarixlərini əks etdirən siyahı da yaddaş təqvimində yer alıb.

Bu təqvim sadəcə zaman ölçüsü deyil — xatirədir, qürurdur, Vətən sevgisidir. Kiçik bir kəndin tarixə verdiyi böyük töhfənin səssiz, amma əbədi yaddaşıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: