DGK-nın Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən cari ildə 1781 kiloqram narkotik vasitə aşkar edilib
Ötən illərlə müqayisədə cari il aşkarlanan narkotik vasitələrin miqdarında artım müşahidə edilir.
NUHÇIXAN xəbər verir ki, bu barədə Ümumdünya Gömrük Təşkilatının Bakıda yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində keçirilən dəyirmi masada Dövlət Gömrük Komitəsinin (DGK) Əməliyyat-İstintaq Baş İdarəsinin 1-ci şöbəsinin rəisi, gömrük xidməti polkovniki Elmir Şirinov məlumat verib.
O qeyd edib ki, DGK-nın Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən 2025-ci ildə 1781 kiloqram narkotik vasitə aşkar edilib.
“Ölkəmizə gətirilən narkotik vasitələrin, əsasən, Əfqanıstandan İrana, daha sonra Azərbaycandan Gürcüstana və Poti limanları vasitəsilə Avropaya keçirilməsi nəzərdə tutulur. Ancaq ölkəmizin sərhədlərinin etibarlı mühafizəsi nəticəsində bu kimi halların qarşısı böyük miqdarda alınıb”,- deyə E. Şirinov bildirib.
