2019-cu il iqlim dəyişmələrinə qarşı mübarizədə bütün ölkələrin fəal iştirakı ili olmalıdır

A- A A+

2018-ci ildə iqlim dəyişmələri ilə bağlı ekstremal hava şəraiti, xüsusən daşqınlar planetdə 62 milyon insana bu və ya digər dərəcədə zərər vurub.

NUHÇIXAN xəbər verir ki, bu məlumat Dünya Meteorologiya Təşkilatının (DMT) məruzəsində əks olunub. Məruzə BMT-nin Nyu-Yorkdakı qərargahında keçirilən birgə mətbuat konfransında qurumun Baş katibi Antonio Quterreş və Baş Assambleyanın sədri Mariya Fernanda Espinosa tərəfindən təqdim edilib.

Baş katib deyib: “Ekstremal hava şəraitinin faciəli nəticələri getdikcə tez-tez müşahidə olunur. Keçən il təkcə ABŞ-da iqlim dəyişmələri ilə əlaqədar 14 təbii fəlakət müşahidə olunub. Bu, iqtisadiyyata milyardlarla dollar ziyan vurub. İtkilərin ümumi həcmi 49 milyard dollara bərabər olub. Dünyada 35 milyondan çox insan daşqınlardan zərər çəkib. Afrikanın cənubundakı İdai siklonu buna əyani nümunələrdən biridir”.

Avropa, Yaponiya və ABŞ-da şiddətli isti və meşə yanğınları nəticəsində 1600-dən çox insan həlak olub. Filippini və digər Asiya ölkələrini cənginə almış güclü Manqhut tayfunu, nəticəsində 134 adam həlak olub, 2,4 milyon nəfər zərər çəkib.

DMT mütəxəssislərinin hesablamalarına görə, 17,7 milyon daxili köçkünün 2 milyonu təbii fəlakətlərdən və ekstremal hava hadisələrindən – daşqınlardan, quraqlıqdan və fırtınalardan xilas olmaq üçün evlərini tərk etməyə məcbur olub.

Məruzə müəllifləri bildirirlər ki, qlobal istiləşmə və ətraf mühitin çirklənməsi nəticəsində havanın keyfiyyəti pisləşib. Bu, milyonlarla insanın sağlamlığına mənfi təsir göstərib.

Baş katib deyib: “İqlim dəyişmələrinin ictimai səhiyyəyə təsiri getdikcə daha çox nəzərə çarpır. Bu əsrin əvvəlindən bəri şiddətli istilərdən zərər çəkən insanların sayı 125 milyon nəfər artıb, ölüm hallarının sayı artmaqdadır. Şiddətli isti və çirklənmiş hava çox təhlükəli kombinasiyadır, xüsusən ona görə ki, rekord istilik dövrləri get-gedə uzanır və daha çox təsadüf olunur”.

Ekstremal iqlim şəraiti aclığa və doyunca yeməməyə qarşı mübarizəyə ciddi maneədir. BMT-nin məlumatına görə, son vaxtlar planetdə aclıq çəkənlərin sayı yenidən artmağa başlayıb, hərçənd bundan əvvəl uzun müddət həmin göstərici azalırdı. 2017-ci ildə tamdəyərli qidalanmaq imkanı olmayan insanların sayı 821 milyona çatıb.

Qlobal istiləşmə ətraf mühitdə ciddi dəyişikliklərə səbəb olur. Bu dəyişikliklərin bir qismi qarşısıalınmazdır. Planetin demək olar ki, bütün ekoloji sistemləri, ilk növbədə dənizin ekologiyası zərər çəkib. Dünya okeanında oksigenin miqdarı azalır. Bitki və heyvanların ayrı-ayrı növləri yox olmaq təhlükəsi ilə üzləşib.

BMT Baş Assambleyasında DMT-nin məruzəsinin təqdimatı ilə eyni vaxtda iqlim dəyişmələri və davamlı inkişaf məsələsinə dair yüksək səviyyəli görüş keçirilib.

Tədbirin açılışında çıxış edən BMT Baş Assambleyasının sədri Mariya Fernanda Espinosa deyib: “Dərhal fəaliyyətə başlamaq lazımdır. Biz böhranlı vəziyyətdəyik. Yolumuzun istiqamətini dəyişmək üçün bizim cəmi 11 il vaxtımız var”.

O vurğulayıb ki, beynəlxalq birlik daha özünü görməzliyə vura bilməz. Espinosa deyib: “Biz Mozambiki, Malavini və Zimbabveni cənginə almış İdai siklonu kimi faciələrin qarşısını ala bilərik və almalıyıq. Yüzlərlə insan həlak olub, milyonlarla insan zərər çəkib. Baş katibin dediyi kimi, bu, Afrika tarixində ən dəhşətli meteoroloji fəlakətlərdən biridir”.

Espinosanın sözlərinə görə, 2019-cu il iqlim dəyişmələrinə qarşı bütün ölkələrin iştirakı ilə fəal mübarizə ili olmalıdır.

O deyib: “Biz fərdi səviyyədə dəyişikliyə nail olmalıyıq. Biz hamımız atmosferə zərərli tullantılar atılmasının azaldılmasına hər gün kömək edə bilərik. Biz hər gün qida məhsulları, geyim, nəqliyyat vasityələri seçirik. Biz öz davranış modelimizi dəyişə bilərik. Bu gün dünyamız ifrat istehlakla səciyyəvidir. O vurğulayıb ki, təkcə istehlak sahəsində deyil, həm də və ilk növbədə istehsal sektorunda dəyişikliklər edilməsi zəruridir.

Baş Assambleyanın rəhbəri daha sonra deyib: “Öz effektivliyini sübut etmiş təşəbbüslər, layihələr, eksperimentlər çoxdur. Biz əməkdaşlığa başlaya, mövcud resursları cəlb etməyə və texnologiyaların tətbiqini təmin edə bilərik”.

BMT-nin Baş katibi xatırladıb ki, bu il sentyabrın 23-pdə qurumun Nyu-Yorkdakı qərargahında iqlim məsələlərinə həsr edilmiş sammit keçiriləcək. O deyib: “Mən liderlərdən xahiş edirəm, çıxış etmək üçün gəlməyin, konkret planla gəlin. Bu o deməkdir ki, Paris sazişində nəzərdə tutulmuş milli planlar 2020-ci ilə qədər təkmilləşdirilməlidir. Biz göstərməliyik ki, parnik qazları tullantısını növbəti onillik ərzində 45 faiz azaltmağı və 2050-ci ilə qədər onlardan tamamilə xilas olmağı bacararıq”.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: