DİN-in DYPİ-nin baş inspektoru, polis mayoru Ayaz İsmayılov sürücülərə müraciət edərək qarlı və şaxtalı hava şəraitində nəqliyyat vasitələrinin texniki vəziyyətinə xüsusi diqqət yetirilməsinin vacibliyini bildirib.
NUHÇIXAN-a müsahibəsində o bildirib ki, hər bir sürücü idarə etdiyi nəqliyyat vasitəsini daim saz vəziyyətdə saxlamalı, texniki parametrlərə nəzarət etməlidir. Normativ tələblərə cavab verməyən nəqliyyat vasitələrinin istismarı qanunla qadağandır.
Qeyd edib ki, qarlı hava şəraitində sürücünün yolu normal görə bilməsi üçün avtomobillərin qabaq şüşəsində şüşəsilənin və şüşəyuyan sisteminin saz vəziyyətdə olması təhlükəsizlik baxımından əvəzolunmazdır. Bu səbəbdən sürücülərə şüşəsilənlərə və şüşəyuyanlara xüsusi həssaslıqla yanaşmaq, donmayan mayelərdən istifadə etmək tövsiyə olunur.
Ayaz İsmayılov diqqətə çatdırıb ki, nəqliyyat vasitəsinin təhlükəsiz hərəkətinin əsas şərtlərindən biri də şinlərin normativ tələblərə uyğun olmasıdır. Belə ki, protektorun qalan hündürlüyü minik avtomobilləri üçün 1,6 mm-dən, yük avtomobilləri üçün 1 mm-dən, avtobuslar üçün 2 mm-dən, motosikletlər üçün isə 0,8 mm-dən az olmamalıdır. Protektor normadan aşağı olduqda təkərlə yol örtüyü arasında ilişmə əmsalı azalır, bu isə əyləcləmənin zəifləməsinə və nəqliyyat vasitəsinin sürüşməsinə səbəb olur.
Həmçinin qeyd edilib ki, şinlərin ölçüsü və yükdaşıma qabiliyyəti nəqliyyat vasitəsinin modelinə uyğun olmalı, bir ox üzərində müxtəlif naxışlı şinlərin istifadəsinə yol verilməməlidir. Qış mövsümü ilə əlaqədar olaraq sürücülərin mütləq qış şinlərindən istifadə etməsi, qarlı və buzlu yollarda sürət həddini nəzarətdə saxlaması tövsiyə edilir.
DİN əməkdaşı bir daha sürücüləri yol hərəkəti qaydalarına ciddi əməl etməyə, diqqətli və məsuliyyətli olmağa çağırıb.
