Naxçıvan Ali Məclisinin deputatı İrəvanda keçirilən iclasda iştirak edib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, martın 28-də Ermənistanın paytaxtı İrəvan şəhərində Avropa Birliyi-Şərq Tərəfdaşlığı formatı platformalarından biri olan Şərq Tərəfdaşlığının Regional və Yerli Hakimiyyətlər Konfransının (Conference of Regional and Local Authorities for the Eastern Partnership - CORLEAP) 14-cü Büro toplantısı öz işinə başlayıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, CORLEAP-ın Bürosunun üzvü Anar İbrahimov Ermənistanın paytaxtı İrəvan şəhərində səfərdə olaraq qurumun toplantısında iştirak edib.
CORLEAP-ın Bürosunun toplantısında bu ilin sentyabr ayında Finlandiyada keçirilməsi nəzərdə tutulan illik yığıncağına salınacaq iki tematik məruzə:-“Transsərhəd əməkdaşlığı proqramlarının vasitəsilə insanların təmaslarına yardım” və “Yerli və regional hakimiyyət orqanlarının potensialının artırılması” barədə sənəd və Avropa Birliyi-Şərq Tərəfdaşları ölkələrinin dövlət və hökumət başçılarının növbəti sammiti üçün CORLEAP-ın tövsiyyələrinin ilkin müzakirəsi aparılıb.
“Transsərhəd əməkdaşlığı proqramlarının vasitəsilə insanların təmaslarına yardım” barədə məsələ üzrə çıxış edən Anar İbrahimov ölkəmizin, o cümlədən də Naxçıvan Muxtar Respublikasının qonşu ölkələrlə transsərhəd əməkdaşlığı barədə danışıb.
Qeyd olunub ki, bu əməkdaşlıq Rusiya, İran, Türkiyə üzrə uğurla həyata keçirilir, Gürcüstanla transsərhəd əməkdaşlıq isə Avropa Birliyinin də dəstəklədiyi əməkdaşlıq elementləri üzərində qurulub. Bu məqsədlə 2018-ci ildə Avropa İttifaqının fondlarının ayırdıqları 1,35 milyon avro vəsaitlə də müxtəlif layihələr həyata keçirilir. Azərbaycanın bu formada əməkdaşlığının olmadığı tək qonşusunun Ermənistan olduğunu diqqətə çəkən Anar İbrahimov, Ermənistanın ölkəmizin ərazisinin böyük bir hissəsini işğal altında saxlaması, etnik təmizləmə və bunun nəticəsində çoxsaylı qaçqın və məcburi köçkünlərin gətirdiyi problemləri izah edib.
Erməni tərəfinin mövcud sərhədləri tanımaması, işğalçılıq siyasətindən imtina etməməsi səbəbindən faktiki olaraq iki ölkə arasında sərhəd yox, təmas və cəbhə xəttinin mövcud olduğu, bunu isə əməkdaşlıqla heç cür uzlaşmadığını bildirib.
"Ən yaxın zamanda beynəlxaq birliyin tanıdığı sərhədlərə qayıdaraq, ərazilərin işğalına son qoyulması, daxili yer dəyişmiş şəxslərin daimi yaşayış yerlərinə qayıtması, kommunikasiyaların açılmasına nail olmadan Ermənistanla transsərhəd əməkdaşlıq məsələsinin müzakirəsi reallıqdan uzaqdır", - deyə Anar İbrahimov bildirib. Həmçinin qeyd olunub ki, ilk olaraq bu əməkdaşlığa mane olan siyasi faktorlar aradan qaldırılmalı, sonradan isə əməkdaşlığın potensialından istifadənin mümkünlüyü barədə düşünülməlidir.
Ali Məclisin deputatı, ölkəmizin nümayəndəsi “Yerli və regional hakimiyyət orqanlarının potensialının artırılması” ilə bağlı məsələdə isə Azərbaycanda həyata keçirilən dövlət siyasətinin tərkib hissəsi kimi elektron hökumət və idarəetmə, bir sıra ictimai və dövlət xidmətlərinin təqdim edilməsi, ASAN xidməti platforması çərçivəsində regionlarda aparılan tədbirlərdən bəhs edib.
Büronun toplantısının ardınca Avropa Birliyi, Avropa Şurası, Ermənistan hökumətinin təşkil etdiyi “Yerli hakimiyyət orqanları və vətəndaş cəmiyyəti təşkilatları” mövzusunda konfransın işində iştirak edib.
Qeyd edək ki, CORLEAP 2011-ci ildə Polşanın Poznan şəhərində təsis edilib və Avropa İttifaqı -“Şərq tərəfdaşlığı” platformasının regional və yerli hakimiyyətləri üçün institut rolunu oynayan strukturdur.