Aprelin 1-də “Nuhçıxan” İnformasiya Agentliyinin yaradılmasının bir ili tamam olur. Bu münasibətlə Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov agentliyin ünvanına təbrik məktubu göndərib. Məktubda deyilir:
“Hörmətli redaksiya!
Bu gün ölkəmizin, eləcə də Naxçıvan Muxtar Respublikasının sürətli inkişafı hər birimizdə böyük qürur hissi yaradır. Günün nəbzini tutmaq, günümüzün quruculuq və inkişaf salnaməsini yaratmaq, dövlət siyasətimizin mahiyyətini geniş auditoriyaya çatdırmaq isə kütləvi informasiya orqanlarının, eləcə də jurnalistlərimizin üzərinə düşən mühüm vəzifələrdəndir. Ötən bir ildə məhz bu yolla gedən "Nuhçıxan" İnformasiya Agentliyi də sübut etdi ki, ölkəmizin paytaxtından kənarda fəaliyyət göstərməklə də informasiya məkanında layiqincə təmsil olunmaq mümkündür. “Nuhçıxan” bu gün Ali Məclisin Sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə uğurla inkişaf edib çiçəklənən Naxçıvanın əsas informasiya gücü olmaqla bərabər, həm də qədim diyarın tarix və mədəniyyətinin, müasir sosial-iqtisadi həyatının aynasına çevrilib.
Bu gün ölkəmizin aparıcı media orqanları Bakı şəhərində fəaliyyət göstərirlər. “Nuhçıxan”ın ölkə mediasının aparıcı üzvləri ilə sıx tərəfdaşlığını biz də yaxından izləyir, Naxçıvanla bağlı dolğun, dəqiq və operativ informasiyaların “Nuhçıxan” vasitəsi ilə ölkəmizin agentlik, teleradio, qəzet və internet portallarına ötürülməsini təqdir edirik. Bu agentlik həm də Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi nümayəndəliyində keçirilən tədbir və görüşləri, nümayəndəliyin fəaliyyəti barədə məlumatları operativ şəkildə və ilk mənbədən izləyici və oxucularına çatdırır. Buna görə də mən “Nuhçıxan”a kollektivimiz adından ayrıca təşəkkür edir, yaradıcı heyətə tükənməz uğurlar arzulayıram.
Hörmətlə, Bəxtiyar Əsgərov
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyinin rəhbəri”.