Bəxtiyar Əsgərov: “Nuhçıxan”  informasiya məkanında layiqincə təmsil olunur”

A- A A+

Aprelin 1-də “Nuhçıxan” İnformasiya Agentliyinin yaradılmasının bir ili tamam olur. Bu münasibətlə Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov agentliyin ünvanına təbrik məktubu göndərib. Məktubda deyilir:

“Hörmətli redaksiya!

Bu gün ölkəmizin, eləcə də Naxçıvan Muxtar Respublikasının sürətli inkişafı hər birimizdə böyük qürur hissi yaradır. Günün nəbzini tutmaq, günümüzün quruculuq və inkişaf  salnaməsini yaratmaq, dövlət siyasətimizin mahiyyətini  geniş auditoriyaya çatdırmaq isə kütləvi informasiya orqanlarının, eləcə də jurnalistlərimizin üzərinə düşən mühüm vəzifələrdəndir. Ötən bir ildə məhz bu yolla gedən "Nuhçıxan" İnformasiya Agentliyi də sübut etdi ki, ölkəmizin paytaxtından kənarda fəaliyyət göstərməklə də informasiya məkanında layiqincə təmsil olunmaq mümkündür.  “Nuhçıxan” bu gün Ali Məclisin Sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə uğurla inkişaf edib çiçəklənən  Naxçıvanın əsas informasiya gücü olmaqla bərabər, həm də qədim diyarın tarix və mədəniyyətinin, müasir sosial-iqtisadi həyatının aynasına çevrilib.

Bu gün ölkəmizin aparıcı media orqanları Bakı şəhərində fəaliyyət göstərirlər.  “Nuhçıxan”ın ölkə mediasının aparıcı üzvləri ilə sıx tərəfdaşlığını  biz də yaxından izləyir, Naxçıvanla bağlı dolğun, dəqiq və operativ informasiyaların “Nuhçıxan” vasitəsi  ilə ölkəmizin agentlik, teleradio, qəzet və internet portallarına ötürülməsini təqdir edirik. Bu agentlik həm də Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi nümayəndəliyində keçirilən tədbir və görüşləri, nümayəndəliyin fəaliyyəti barədə məlumatları operativ şəkildə və ilk mənbədən  izləyici və oxucularına çatdırır. Buna görə də mən “Nuhçıxan”a kollektivimiz adından ayrıca təşəkkür edir, yaradıcı heyətə tükənməz uğurlar arzulayıram.

Hörmətlə, Bəxtiyar Əsgərov

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyinin rəhbəri”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: