Şeir müsabiqəsinin final mərhələsi olub - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, muxtar respublikada fəaliyyət göstərən tam orta ümumtəhsil məktəblərin şagirdləri arasında bədii qiraət üzrə şeir müsabiqəsinin final mərhələsi olub. Müsabiqə “31 mart-Azərbaycanlıların Soyqırımı Günü”nə həsr edilib.
Tədbirdə təhsil nazirinin müavini Heyran Əhmədova, gənclər və idman nazirinin müavini Mirməcid Seyidov və Yazıçılar Birliyinin sədri Asim Əliyev çıxış edərək muxtar respublikada yeniyetmə və gənclərin vətənpərvər ruhda tərbiyə olunması istiqamətində görülən işlərdən danışıblar.
Müsabiqədə rayon və şəhər mərhələlərində qalib olan 13 şagird iştirak edib. Məktəblilər soyqırıma, Vətənə həsr olunmuş şeirləri bədii qiraət ediblər. Sonda münsiflər heyətinin qərarına əsasən Sədərək kənd 2 nömrəli tam orta məktəbin şagirdi Nurtən Vəliyeva I, Kəngərli rayon Böyükdüz kənd tam orta məktəbin şagirdi Şahin Quliyev II, Heydər Əliyev adına Hərbi Liseyin kursantı Kərim Ələkbərov III yerə çıxıblar. Müsabiqədə fərqləndiklərinə görə bir neçə şagird isə həvəsləndirici yerlərə layiq görülüblər.
Həmçinin martın 18-də keçirilən inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırılıblar. İnşa yazı müsabiqəsində Naxçıvan şəhər 5 №-li tam orta məktəbin şagirdi Fatimə Quliyeva I, Kəngərli rayon Şahtaxtı kənd tam orta məktəbin şagirdi Xanım Fərəcova II, Heydər Əliyev adına Hərbi Liseyin kursantı Mirməhəmməd Mircavadov III yerə çıxıblar. Müsabiqədə fərqləndiklərinə görə bir neçə şagird isə həvəsləndirici yerlərə layiq görülüblər.
Hər iki müsabiqənin qaliblərinə təşkilatçılar tərəfindən diplom, fəxri fərman və oxunması zəruri olan kitablar, həmçinin Azərbaycan və dünya ədəbiyyatı nümunələri təqdim olunub.
Qeyd edək ki, müsabiqə Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin və Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.
Xanım Rüstəmzadə