NUHÇIXAN xəbər verir ki, Babək rayonunun Şıxmahmud kəndində ictimaiyyət nümayəndələrinin, polis sahə inspektorlarının və ictimai şura üzvlərinin iştirakı ilə iclas keçirilib.
İclasda Babək Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Teymur Quliyev bildirib ki, bu ilin mart ayı ərzində ictimai şura üzvləri polis sahə inspektorları ilə birlikdə əhalinin hüquqi maarifləndirilməsi və yerlərdə aşkar olunmuş sosial problemlərin aradan qaldırılması sahəsində bir sıra işlər görüb. Qanunsuz olaraq ağac kəsilməsinin, sanitar gigiyena qaydalarının pozulmasının, müəyyən olunmamış yerlərdə qanunsuz ticarət fəaliyyəti ilə məşğul olanların, eyni zamanda sayğacdankənar elektrik enerjisindən və təbii qazdan istifadə, bələdiyyə və torpaq mülkiyyətində olan sahələrdə qanunsuz tikinti aparılması, qanunsuz olaraq ov hallarının qarşısının alınması məqsədilə reyd yoxlamalar keçirilib.
Yoxlamalar zamanı yaşayış sahələrində ümumi istifadə yerlərinin təmiz saxlanılması qaydalarının pozulmasına görə bir nəfərə inzibati protokol tərtib edilərək aidiyyəti üzrə göndərilib.
İclasda infrastrukturun qorunması və ailə təsərrüfatlarının inkişafı istiqamətində görülən işlərdən də bəhs edilib.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis polkovniki Ələşrəf İbrahimov qeyd edib ki, qəbul olunan özünəməşğulluq proqramları və 2019-cu ilin muxtar respublikada Ailə təsərrüfatları ili elan olunması vətəndaşların sosial rifahının yüksəldilməsinə münbit şərait yaradıb.
Vurğulanıb ki, vətəndaşların rahatlığı üçün yaradılan sosial infrastrukturun qorunub saxlanılması məqsədilə yaşayış məntəqələrində, o cümlədən yeni inşa olunan obyektlərin ətrafında aidiyyəti təşkilat nümayəndələri ilə birlikdə yoxlamalar aparılır. Ailə-məişət zəminində baş verən hüquqpozmaların qarşısını almaq üçün ictimai şura üzvlərinin iştirakı ilə həmin ailələrdə xoşagəlməz halların baş verməməsi məqsədilə maarifləndirici söhbətlər aparılır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallara aydınlıq gətirilib.
Cavid Səfərli