Nağıl kimi qışın ağ xatirələri - FOTOLAR

A- A A+

Kəndə getmişdim. Bir səhər oyanıb hər tərəfi ağ örpəyə bürünmüş vəziyyətdə gördüm.  Gecədən başlayan qar hələ də  asta-asta yağırdı.  Havanın ətri də başqa cür idi. Bu ətir təkcə  soyuq havanın deyil, xatirələrin qarışığı idi. Qış sakitcə öz nağılını danışırdı.

Kəndin qışı şəhərlə müqayisədə çətin olsa da qış mənzərələri bu yerlərdə daha gözəldir.  Dar məhlə yolları, evlərin ağ damları, yarpaqsız budaqlarında  çiçək kimi qar daşıyan ağaclar, tarlalar,  başqa bir görkəm alır.  Hər şey eyni rəngdədir. Təbiət də dincini alır  ağ örtük altında.

Tələsik addımlarımız da yavaşlayır qışda. Yollar nağıla dönür sanki.  O nağılın səsi qarın üzərində addımladıqca gələn xışıltıdır.    O səsi eşidəndə, dönüb arxaya, ayaq izlərimizə baxanda gözəlliyini  daha çox hiss edirik bu fəslin.  Çox keçmir ki, itir o izlər bəyaz qarın  altında. Sonra kimlərsə keçir o yollardan, yeniləri yaranır.

Təbiətin dünənki isti nəvazişini, adamsız cığırlar, arabir kolluqlarda gizlənən  sərçə quşların qəfil  pırıltısı,  çayların sakit səsi əvəz edib. Evlərin, tövlələrin damlarından salxım-salxım sallanan buzlar nə qədər gözəl görünsə də bir o qədər də qışın sərtliyini göstərir. Hərdən məhəllə yollarında qar topu oynayan, qardan adam düzəldən  uşaqlarla da rastlaşırıq. Bəzən  biz  də onlarn sırasına qoşulub bu yolla  uşaqlığımızı xatırlayırıq.  O uşaqların  da əlcəkləri islanır, üzləri qızarır, amma oynamaqdan doymurlar…

Bir zaman bacalardan çıxan tüstü, odun sobasının ətrafında quruyan corablar- içimizi isidən belə xatirələrilə, sadə nemətlərilə gözəldir qış.  Yazın zəhməti,  payızın tədarükü qışda qovurma ilə süfrəyə gəlir.  Qovurmalı yumurta, qovurmalı aş, qovurmalı bozbaş və sadə qovurma Naxçıvanda xüsusən də kənd evlərinin ayrılmaz qış təamıdır.

Çöldə qar yağır, evin içində çırtahaçırt yanan odun sobasının üstündə poqquldayan xəşil asta-asta qaynayır. Un və sudan hazırlanan quyruq yağı, kərə yağı, bal, bəkməz və şəkər tozu ilə birgə süfrəyə verilən bu yemək xalq təbabətində qışda şəfa mənbəyi sayılıb.  Biz uşaq olanda anam bu yeməyi tez –tez hazırlayardı. Qış səhərləri  isti xəşilin qoxusu ilə açılardı. Xəstələnəndə, üşüyəndə də anamın bişirdiyi yemək xəşil olardı “ Bunu ye, canına istilik gəlsin”-deyərdi. Bu gün də anam xəşil bişirəndə uşaqlığımın qışı yadıma düşür. Doğrudur zaman keçdikcə süfrədəki təamlar dəyişir, yemək növləri çoxalır. Amma bir kasa xəşilin, bir tikə qovurmanın verdiyi hiss dəyişmir. Bu yerlərin qış süfrəsi nənələrin duası, anaların zəhməti, ailələrin birliyi və milli yaddaşı kimi bu torpağın tarixini , iqlimini, insanların həyat tərzini özündə yaşadır. Və qış  nə qədər sərt olsa da, bizi keçmişə bağlayır, bir çox dəyərləri  öyrədir.  Sobası yanan isti bir evin, sadə bir yeməyin dəyərini… bir də uşaqlığımızı . O uşaqlıq yaddaşımızda elə qar kimi ağappaq qalıb.  Gecənin ayazında  isə ay o ağ örpəyin üzərinə işıq salır.   Qışın səssiz nağılı yaddaşımızda həmişə işıqlı qalsın deyə…

Türkanə Əmoyeva

Naxçıvan televiziyasının redaktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: