“Ağıllı uşaq” oyunu keçirilib

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhər 6 №-li uşaq bağçasında məktəbəqədər hazırlıq qruplarında olan 5-6 yaşlı uşaqlar arasında “Ağıllı uşaq” əyləncəli intellektual oyunu keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı İlahə Haqverdiyeva tədbirin keçirilməsində məqsədin uşaqların intellektual səviyyəsinin, dünyagörüşünün, zehni inkişafının stimullaşdırılması, onların asudə vaxtlarının səmərəli təşkil olunması, intellektual oyunlara uşaqların marağının artırılması, kiçik yaşlarından başlayaraq uşaqların əqli qabiliyyətinin və məntiqi düşüncələrinin inkişaf etdirilməsi, intellektual oyunların kütləviliyinin artırılması olduğunu bildirib.

Qeyd olunub ki, may ayında “Ağılı uşaq” əyləncəli intellektual oyununun Naxçıvan şəhər birinciliyi keçiriləcək.  Birincilikdə bağçalarda təşkil edilən oyunlarda qalib olan komandalar yarışacaq.  Sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Gülər Əhmədova və Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Orxan Məhərrəmov muxtar respublikada uşaqlara göstərilən dövlət qayğısı haqqında məlumat verib və iştirakçılara uğurlar arzulayıblar.

İki mərhələdən ibarət olan oyunda 4 komanda iştirak edib. Birinci mərhələdə uşaqlar düyməyə basmaqla 30 sualı, ikinci mərhələdə isə onlara təqdim olunan  5 şəkilli sualı cavablandırıblar. Sonda daha çox suala düzgün cavab verərək “Günəş” komandası I , “Ulduz” komandası II , “Bulud” və “Ay” komandaları III yerə çıxıblar.  Qaliblərə təşkilatçılar tərəfindən diplom, fəxri fərman və rəngli kitablar təqdim olunub.

İntellektual oyunun sonunda uşaqlar qonaqlar üçün şeir deyib, mahnı oxuyub  və rəqslər  nümayiş etdiriblər. 20 nəfər uşağın iştirak etdiyi intellektual oyun Gənclər və İdman Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilib. İntellektual oyun Gənclər və İdman Nazirliyinin rəsmi sosial şəbəkə hesablarında canlı olaraq yayımlanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: