NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşlarının “Naxçıvan” Universitetinin İdarəetmə fakültəsinin Mühasibat uçotu və audit və Maliyyə ixtisasının tələbələri ilə “Büdcə təşkilatlarının mühasibat uçotunun aparılması qaydaları” mövzusunda görüşü keçirilib.
Görüş zamanı İdarəetmə fakültəsinin dekanı Naim Cahidzadə qeyd edib ki, tədbir Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” imzaladığı Sərəncama müvafiq olaraq həyata keçirilir. Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi bilikli və təcrübəli gənc kadrların hazırlanmasına böyük imkanlar yaradacaqdır.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin baş məsləhətçisi- mühasib Məmmədnağı Əkbərovun “Büdcə təşkilatlarında mühasibat uçotunun aparılması qaydaları” mövzusunda məruzəsi dinlənilib. O, büdcə təşkilatlarında mühasibat uçotunun təşkilini, aparılmasını və maliyyə hesabatlarının hazırlanmasını, bu sahəni tənzimləyən normativ hüquqi aktların tələbləri haqqında tələbələrə geniş məlumat verib.
Sonra nazirliyin Büdcə şöbəsinin baş məsləhətçisi Ramil Hüseynov dövlət büdcəsinin tərtibi, təsdiqi, icrası, icrasına nəzarət haqqında tələbələrə geniş məlumat verib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Seyfur Hacımuradov