Azərbaycanın müdafiə sənayesi – İnamlı qələbədən mütləq gücə

A- A A+

Prezident İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsi Azərbaycanın həm daxili, həm də xarici siyasətində yeni bir mərhələnin — "Zəfərdən sonrakı quruculuq və mütləq suverenlik" dövrünün strateji yol xəritəsidir. Sülhün memarı İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanla Ermənistan arasında inkişaf etdirilən sülh gündəliyi, kommunikasiya xətlərinin, xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində görülən işlər bölgədə yeni reallıqlardan xəbər verir. Ölkə başçısının dediyi kimi “Mən bunu bir daha demək istəyirəm, biz bunu onsuz da edəcəkdik, amma yaxşı ki, bunu sülh yolu ilə edirik. Ermənistan da təbii olaraq bundan ancaq fayda görəcək. Çünki Ermənistan indiki dalan vəziyyətindən çıxa bilər və çıxacaq. Azərbaycanla Ermənistan arasında yollar açılacaq. Türkiyə ilə Ermənistan arasında yollar açılacaq. Ermənistan Naxçıvan vasitəsilə İranın dəmir yollarına, Azərbaycan vasitəsilə Rusiyanın dəmir yollarına çıxış əldə edəcək. Yəni bu, Ermənistan üçün də faydalıdır. Burada uduzan tərəflər olmamalıdır.”

Güclü potensiala, yenilməz ruha və zəngin döyüş təcrübəsinə malik Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsi və antiterror tədbirləri ilə yazdığı şanlı tarix, həm də regionumuz üçün uzunmüddətli sülhü və sabitliyi təmin edən həlledici amil rolunu oynadı. Dövlət başçısı vurğulayır ki, hərbi zəfər son deyil, əksinə, daha təkmil və güclü bir ordu modelinə keçid üçün başlanğıc nöqtəsidir. Bu yanaşmanın əsas qayəsi tarixi təcrübədən dərs çıxarmaq üzərində qurulub. Prezident Ermənistanın onilliklər ərzində yaşadığı "yalançı özünütərif" və arxayınlıq sindromunu nümunə gətirərək, bu cür psixoloji durğunluğun strateji məğlubiyyətə yol açdığını bəyan edir. Azərbaycan isə bu səhvə yol verməmək üçün 2020-ci ilin qələbə sevincini səmərəli iş prosesinə çevirərək, müharibənin gedişində müəyyən edilən boşluqları dərhal aradan qaldırmağa başlayıb. Xüsusilə idarəetmənin təkmilləşdirilməsi və Silahlı Qüvvələrin yeni çağırışlara uyğun gücləndirilməsi dövlətin əsas prioritetidir. Beləliklə, Prezidentin mesajı aydındır: Müzəffər dövlət olmaq yalnız torpaq azad etmək deyil, həm də qazanılan təcrübəni gələcək təhlükəsizlik üçün mükəmməl bir sistemə çevirmək bacarığıdır.

Ötən il noyabrın 8-də Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş hərbi parad Azərbaycan Silahlı Qüvvələrinin yüksək müdafiə potensialının parlaq ifadəsi oldu. Yerli istehsal olan silahların nümayişi potensial rəqiblərə qarşı çəkindirici amil kimi çıxış edir və eyni zamanda bölgədə sülhün dayağı olan Azərbaycan Silahlı Qüvvələrində innovativ yanaşmalara üstünlük verildiyini təsdiqləyir. Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bu mövzuya toxunaraq deyib: “Bununla paralel olaraq yenidən silahlanma, yeni silahlı dəstələrin yaradılması prosesi gedirdi, mən bu barədə paradda çıxışımda qısaca danışmışam. Onların bir hissəsi nümayiş etdirilib, bir hissəsi nümayiş etdirilməməlidir, amma zamanı gələcək. İstənilən halda biz potensialımızı xeyli gücləndirmişik. Əgər Azərbaycan Ordusunu bu gün və Vətən müharibəsində qalib gəldiyimiz həmin vaxtın silahları və döyüş qabiliyyəti ilə müqayisə etsək, hazırda biz bir neçə dəfə güclüyük. Zənnimcə, bu, vəziyyəti qiymətləndirmək üçün kifayətdir. Neçə dəfə olduğunu deməyəcəyəm, amma bir neçə dəfə. Əlbəttə ki, bu, bizə öz gücümüzə inanmağa əsas verir.”

Bu istiqamətdə Prezident İlham Əliyevin  Sərəncamı ilə 2005-ci ildə yaradılan Müdafiə Sənayesi Nazirliyinin üzərinə də mühüm və məsuliyyətli vəzifələr düşür. Belə ki, ötən 20 il ərzində  nazirliyin müəssisələrində müasir növ silahlar, döyüş sursatları, hərbi texnika, mühəndis-texniki vasitələr və digər müdafiə təyinatlı məmulatlar uğurla istehsal edilərək Silahlı Qüvvələrə təhvil verilib. Hazırlanan hərbi təyinatlı məhsulların isə çeşidi daha da artıb. Müzəffər Ali Baş Komandan bu mövzuda danışarkən vurğulayıb ki, “Biz keçən il 1,4 milyard manat dəyərində hərbi təyinatlı məhsul istehsal etmişik. Onun böyük hissəsi Azərbaycan Silahlı Qüvvələrinə verilib, bir hissəsi isə ixrac edilib. Bu gün Azərbaycan 20-yə yaxın ölkəyə hərbi təyinatlı məhsullar ixrac edir.”

Müasir müharibələrdə pilotsuz uçuş aparatları, yüksək dəqiqlikli silahlar, süni intellekt əsaslı idarəetmə sistemləri, elektron müharibə və kiberməkan həlledici rol oynayır. Vətən müharibəsində bu reallıqlar təcrübədə təsdiqlənərək yerli istehsalın, texnoloji çevikliyin əhəmiyyətini açıq şəkildə nümayiş etdirib. İstehsal sahələrinin rəqəmsallaşma və avtomatlaşdırma səviyyəsinin artırılması nəticəsində dövlət müdafiə sifarişlərinin vaxtında və keyfiyyətlə icrasının təmin edilməsinə, eyni zamanda ixrac potensialının genişləndirilməsinə nail olunub.

Müdafiə sənayesi sahəsində özəl sektorun rolu da artıb ki, hazırda 15 özəl şirkətə lisenziya verilib. Artıq 7 özəl şirkət hərbi təyinatlı məhsulun istehsalına başlayıb. Bu şirkətlər dron texnologiyaları, süni intellekt, elektronika, radio-elektron mübarizə, raket sistemləri və digər yüksək texnoloji istiqamətlər üzrə istehsal və tədqiqatlar aparır. Prezident İlham Əliyevin müdafiə sənayesinin gələcəyi ilə bağlı səsləndirdiyi fikirlər Azərbaycanın dövlət idarəçiliyində və iqtisadi strategiyasında köklü bir transformasiyanın anonsudur. Bu çıxış sadəcə hərbi gücün artırılması deyil, həm də ölkənin iqtisadi modelinin modernləşməsini ehtiva edən strateji bir yanaşmadır. Dövlət başçısının qeyd etdiyi ən fundamental yenilik, uzun illər dövlət inhisarında olan bu strateji sahənin özəl sektorun üzünə açılmasıdır. Bu addım göstərir ki, Azərbaycan artıq hərbi sənayeyə yalnız milli təhlükəsizlik aləti kimi deyil, həm də yüksək gəlirli və çevik bir biznes ekosistemi kimi yanaşır.

Prezident İlham Əliyevin müdafiə sənayesi ilə bağlı mesajları Azərbaycanın strateji hədəflərində köklü bir keçidi - hərbi ehtiyacdan hərbi biznesə keçid mərhələsini xarakterizə edir. Artıq silah və sursat istehsalı sadəcə ordunun təchizatı deyil, neftdən asılılığı azaldacaq alternativ bir valyuta mənbəyi və intellektual kadr bazası kimi nəzərdən keçirilir: “Yeniliklərdən biri də odur ki, biz böyük, dünyanın aparıcı müdafiə sənayesi şirkətləri ilə Azərbaycanda birgə müəssisələr yaratmışıq. Burada həm pilotsuz uçuş aparatları, artilleriya qurğuları, digər vasitələr, silah-sursat istehsalı nəzərdə tutulur. Biz bu sahəyə bir neçə prizmadan baxırıq. Birincisi, daxili istehlakı daxili istehsalla maksimum təmin etmək. İkincisi, böyük sənaye sahəsi yaratmaq. Üçüncüsü, müasir kadr potensialı yaratmaq və ixrac imkanlarımızı genişləndirməkdir ki, bu sahəyə, eyni zamanda, gəlir gətirən sahə kimi baxmağa başlamışıq.”

Dünyanın aparıcı müdafiə şirkətləri ilə qurulan birgə müəssisələr də öz növbəsində ölkəyə həm ən müasir texnologiyaların gəlişini təmin edir, həm də beynəlxalq standartlara uyğun yeni kadr potensialının formalaşmasına zəmin yaradır. Beləliklə, Azərbaycan müdafiə sənayesi vasitəsilə həm hərbi suverenliyini tam qoruyur, həm də iqtisadiyyatını intellektual və biznes yönümlü yeni müstəviyə daşıyır. Sursat və silah istehsalının gəlir gətirən biznesə çevrilməsi Azərbaycanın iqtisadi suverenliyini hərbi qələbəsi qədər möhkəmləndirəcək bir addımdır. Bu nailiyyət, Azərbaycanın regional və beynəlxalq münasibətlərdə mövqeyini köklü şəkildə dəyişən, öz maraqlarını təmin etməyə qadir olan müstəqil güc mərkəzi kimi çıxış etdiyini göstərir.

Nəriman Nəcəfov

NUHÇIXAN

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: