AMEA Naxçıvan Bölməsində “Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasəti” mövzusunda elmi konfrans keçirilib
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, bölmədə 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar elmi konfrans keçirilib.
Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev Azərbaycan torpaqlarında ermənilər tərəfindən törədilən faciələrin mahiyyətindən, əhatə sahəsindən, məqsəd və nəticələrindən danışıb.
Qeyd olunub ki, Azərbaycanlılara qarşı planlı şəkildə ermənilərin həyata keçirdikləri soyqırımı siyasətində 1918-ci ilin mart ayında Bakı ilə yanaşı, Azərbaycanın digər şəhərlərində, Şamaxıda, Qubada, Qarabağda, Naxçıvanda, Zəngəzurda, ümumilikdə azərbaycanlılar yaşayan başqa bölgələrdə dinc əhaliyə qarşı tarixdə görünməmiş kütləvi qətl və qırğınlar törədilib, xalqımıza məxsus minlərlə tarixi mədəni abidə və yaşayış yerləri talan edilib.
Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixində “Azərbaycanlıların soyqırımı haqqında” imzaladığı Fərman iki əsr ərzində Azərbaycan xalqına qarşı törədilən vəhşilikləri bugünkü və gələcək nəsillərə, bütün dünya ictimaiyyətinə çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edən bir sənəddir. Bununla yanaşı, Prezident İlham Əliyevin “1918-ci il Azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 18 yanvar 2018-ci ildə imzaladığı Sərəncam yüz illərlə xalqımıza qarşı törədilən qəddar cinayətlərin köklərinin gercəkliyi ilə öyrənilməsi və təbliğ edilməsində əvəzsiz tarixi-siyasi əhəmiyyətə malikdir.
Tədbirdə digər çıxış edənlər də tarixi faktlar əsasında ermənilərin Azərbaycan türklərinə qarşı törətdiyi soyqırımından danışıblar.
Konfransda 31 Mart Azərbaycanlıların Soyqırımı Günü və Xocalı soyqırımına aid real faktları əks etdirən fotoşəkillər və sənədlərdən ibarət video görüntü nümayiş etdirilib.
Bölmənin Mərkəzi Elmi kitabxanasında 31 Mart- Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar kitab, qəzet, jurnal və toplu materiallarından ibarət sərgi də təşkil olunub.