Naxçıvanı görmək arzusunda olan jurnalist: “Vasif müəllim yoxdan varlıq yaratmağı bacarıb” - FOTOLAR
Uzun illərdir mətbuatda çalışıram. Yazı-pozunu özümə peşə etməmişəm, elə bu mənim peşəmdir, qılıncın gücünə bərabər olan qələmi də həmişə müqəddəs bilmişəm. Bu qənaətə gəlmişəm ki, qələmlə əsl həqiqət və yenə də həqiqət yazılmalıdır. Həqiqət nə tərif sevir, nə də mədhiyyə. Qələmi əyri tutsan da, gərək heç vaxt əyri və yalan, şər və böhtan, fitnə-fəsad yazmayasan…
T.E.Lessinq yazırdı: “Əgər Tanrı gizli bir işarə ilə bildirsəydi ki, onun sağ ovcunda həqiqət, sol ovcunda həqiqətin axtarışıdır, mən həqiqətin özünü deyil, onun sol ovcunda olanı, yəni həqiqətin axtarışını götürmək istərdim…”
Əlbəttə, həqiqəti demək üçün də gərək özündə cəsarət tapasan, böyük ürək, vicdan sahibi olasan!
Bu gün ölkəmizdə böyük quruculuq işləri aparılır. Köhnəliklə vidalaşma prosesi sürətlə gedir. Ancaq çox təəssüf ki, bəzi yerində olmayan məmurlar bu proseslərdə iştirak etsələr də gördükləri işləri özlərinə məxsus tərzdə aparırlar. Bu gün bir Bakı sakini kimi mən də deyərdim ki, Bakı gözəl şəhərdir, təbii ki, Bakı paytaxtdır və bu qədim diyar hər birimiz üçün əziz və doğmadır! Ancaq məni qınamayın! Bakını idarə edən başçılar (söhbət bəzi rayon icra hakimiyyəti başçılarından gedir) onu əndazəsindən çoxdan çıxarıblar. İndi Bakını vaxtı ilə görənlər ona baxıb, “heyif səndən ay Bakı” da deyirlər. Mən Bakını elə-belə yada salmadım. Bugünkü Naxçıvanla Bakını, qismən də olsa, müqayisə etmək istədim. Bu müqayisədə də həqiqətin özünü tapa bildim. Bakıda, Naxçıvanda, hər ikisi qədim şəhərdir.
Görkəmli dölət və siyasi xadim Nəriman Nərimanovun sözləri yada düşür: “İnsanı tanımaq üçün ona vəzifə vermək lazımdır”.
Necə də gözəl deyib. İnsana olan etibar da, etimad da, vəzifədə daha çox özünü göstərir. Etimad göstərilib vəzifəyə qoyulur, irəli çəkilir, amma sonunda nə görürsən?! Bəli, görünən dağa bələdçi axtarmaq lazım deyil.
İnamı doğrultmaq üçün insan əməli-saleh, vicdanı təmiz, əqidəsi saf, məsləki düz olmalıdır.
Azərbaycan ikinci dəfə tarixi bir nailiyyətə imza atdı, müstəqillik əldə etdi, xalqımız azadlığa qovuşdu! Ancaq ikinci müstəqilliyimiz də az qala əvvəlki taleyini yaşayacaqdı! Biz bir daha xalq olaraq imtahan qarşısında qaldıq, çətinliklə qazandıqlarımızı itirmək qorxusu yaşadıq. Heydər Əliyev dühası, uzaqgörənliyi, onun ağlı, zəkası gücünə bu bəladan qurtara bildik. O, Moskvanın qaraguruhçularına qalib gəldi. Doğma vətəninə döndü, Naxçıvan xalqı böyük şəxsiyyətə qucaq açdı, bu tarixi şəxsiyyəti bir xilaskar kimi qarşıladı.
Xalq gözü tərəzidi-deyiblər. Bütün ona bağlanan ümidlər, ona dikilən intizar baxışlar, arzular çin oldu. Bəli, Heydər Əliyev hakimiyyətə gəldi, siyasətdə təsadüfi olmayan bu fenomen insan öz kadr seçimində də heç vaxt təsadüf seçimlərə yol vermədi.
Dahilərin fikrincə, hakimiyyət yalnız o vaxt qüdrətli olur ki, təbiət onu əldə edən adama böyük alicənablıq, qüvvətli ruh, geniş ürək, dərin ağıl, yüksək təcrübə verir. Və xalq bütün bunları yaxşı bildiyi üçün dünya siyasi arenasında azman siyasətçilərdən hedab edilən Heydər Əliyev Naxçıvandan Bakıya dəvət olundu. Təbii ki, Heydər Əliyevin qısa bir vaxt içərisində Naxçıvanda gördüyü işlər hamımızın yadındadır. Naxçıvan Heydər Əliyev zamanından güclü idi. Çünki onu idarə edən komanda özü güclü idi. Atatürkün bir müqəddəs sözü var: “Hər hansı bir ordunun dəyəri onun zabit və komanda heyətinin dəyəri ilə ölçülür”.
Heydər Əliyev komandası içərisində bir komandir də var idi: Vasif Talıbov. Heydər Əliyevin seçimi olan bu komandir bütün çətinliklərə sinə gərdi, etimadı, etibarı, ümidi doğrultdu. Bütün çətinliklərdən inamla çıxdı.
Mən Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovla heç vaxt görüşməmişəm, nədə ki, onunla müsahib olmamışam. Amma bildiyim, gördüyüm, etidtiyim bir həqiqət var: o bacarıqlı təşkilatçı, işgüzar, dövlətinə və dövlətçiliyə sadiq, milli ruha, düşüncəyə malik bir rəhbərdir…
Bəli, əsl rəhbərə malik xüsusiyyətlərə harizmləri özündə birləşdirən Vasif müəllim bu gün ona göstərilən etibarı, ümid və inamı həm doğrultdu, həm də idarəçilik, rəhbərlik təcrübəsini yaxşı öyrənə bildi.
Tutduğu doğru, düzgün siyasi xətt onun kölgəsini qılınclayanlara, paxıllıq, xudbinlik xisləti ilə yanaşanlara bir daha göstərdi ki, düz duranın kölgəsi heç vaxt əyri ola bilməz…
Dövlətə, dövlətçiliyə sədaqətlə xidmət etmək, göstərilən etimadı doğrultmaq, xalqının etibarını, məhəbbətini qazanmaq Vasif Talıbovun əsl həyat amalı oldu. Yalnız arzuzu qurub-yaratmaq, yenilik etmək, vətəninin çiçəklənməsi üçün çalışmaqda olan bu insan daim doğru, düzgün yol seçdi. Bu gün Naxçıvana ayaq basan hər kəsin dilindən yalnız bu sözləri eşitmək olur: “Vallah, Naxçıvan gülüstana dönübdür. Hər yan – küçəsi, məhəlləsi, kəndi, kəndistanı səliqə-səhmanlı, hər bir idarə və təşkilatında qayda-qanun və s”. Bütün bunlar heç də təsadüfən yaranmayıb. Bütün bunlar böyük zəhmətin, yuxusuz gecələrin hesabına qazanılıb. Və bütün bunlar bir daha desək, Vasif Talıbovun zəhməti, qüdrəti hesabına yaradılıb.
Naxçıvan torpağı müqəddəsdir! Bu böyük diyar Azərbaycan tarixinə, mədəniyyətinə çox böyük şəxsiyyətlər bəxş edib. Var olsun bu diyarı yaşadanlar, qoruyub saxlayan mərd oğullar!
Mən heç vaxt Naxçıvanda olmamışam. Doğrudur, olmaq arzusu ilə yaşasam da hələlik onu reallaşdıra bilmirəm. Sağlıq olsun. Ancaq o torpağın doğru, dürüst, inamlı insanları ilə çox təmasda olmuşam. Dost-tanışlarım az deyil. Özü kimi insanları da, dostluğa möhkəm, sadiq, doğru, düzgün olurlar.
Əgər bir insanın qəlbində Allah sevgisi, Allah xofu varsa, o insana etibar etmək olar, onunla dostluq, yoldaşlıq etməkdə heç vaxt peşman olmazsan…
Xalq üçün çalışmaq, insanlara, insanlığa xidmət etmək insanın iç dünyasından, mənəvi aləmindən qaynaqlanır. Nəcib həyat amalı, xeyirxah məqsədlərilə çoxlarından seçilən belə şəxsiyyətlərin həmişə qiymətini zaman verir.
Belə bir söz var: “İnsanın dəyəri başqalarının ona verdiyi qiymətlə ölçülür”. Əgər xalq bir insanı sevir, ona qəlbində, ürəyində isti, doğma bir münasibət, məhəbbət bəsləyirsə, o insana həyatda zaval yoxdur. O həmişə xalqının, elinin qəlbində qalacaq və yaşayacaqdır.
Hər bir kamil şəxsiyyət onu əhatə edən cəmiyyətdən əvvəl ailədə yetişir, formalşır. İnsan xarakterinin formalaşmasında isə onun doğulub boya-başa çatdığı, çörəyini yediyi, suyunu içdiyi, havasını udduğu torpağın rolu az deyil.
Vasif Talıbov məhz belə torpaqda-qüdrətli şəxsiyyətlər yetişdirən bir torpaqda doğulub, boya-başa çatıb, böyüyüb, təhsil alıb. Torpağın da, ailənin də rolu onu həyatında heç də az rol oynamayıb. O qurub-yaratmağı, yoxdan nəyisə icad edib, ərsəyə gətirməyi gözəl bacarır. İnsan var, olanı nəinki qoruya, saxlaya bilmir, əksinə, olanı da məhv edir, dağıdır, talan edir. Ancaq Vasif müəllim yoxdan varlıq yaratmağı bacara bilmişdir. Görünən dağa bələdçi nəyə gərək. Böyük bir Vətən parçası olan ulu Naxçıvan bu gün göz qabağındadır.
Mənim bunları yazmaqda məqsədim Vasif Talıbovu tərifləmək deyil, onun buna ehtiyacı da yoxdur. Ancaq məni buna vadar edən əsl həqiqəti söyləməkdir. Bunu etmək isə hər bir qələm əhlinin borcudur.
Yazımın əvvəlində Bakı-Naxçıvan müqayisəsini heç də təsadüfən aparmadım. Yaxın bir dostum söhbət zamanı "Naxçıvana getmişdim. Deyiləsi deyil, adam sadəcə olaraq ayıl-mayıl qalır, halal olsun Vasif Talıbova. Vətənin çörəyi, dövlətin ona verdiyi maaşı!!!”.
Mən də öz növbəmdə deyirəm, var olsun quran, yaradan əllər! Var olsun Vətəni, dövləti, xalqı naminə çalışan insanlar…
Əkbər Hüseynzadə,
Bakı şəhəri