Baş Dövlət Yol Polisi İdarəsi dumanlı hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib.
NUHÇIXAN xəbər verir ki, müraciətdə deyilir: “Hazırda ölkə ərazisinin bəzi hissələrində müşahidə olunan dumanlı hava şəraiti görünüş məsafəsini kəskin şəkildə azaldır və yol-nəqliyyat hadisələri riskini artırır. Bu şəraitdə həm sürücülərin, həm də piyadaların diqqətli və məsuliyyətli davranışı həyati əhəmiyyət daşıyır.
Sürücülərə tövsiyə olunur:
• Hərəkətə başlamazdan əvvəl duman faralarının və əsas işıqlandırma sistemlərinin sazlığını yoxlayın;
• Sürət həddini görünüş məsafəsinə uyğun seçin, qəfil manevrlərdən və ötmələrdən çəkinin;
• Öndə hərəkət edən nəqliyyat vasitəsilə təhlükəsiz məsafəni qoruyun;
• Zərurət olmadıqca dumanlı hava şəraitində səfərləri təxirə salın;
• Dayanma və ya qəza zamanı qəza işıqlarından və xəbərdaredici nişanlardan istifadə edin.
Piyadalara tövsiyə olunur:
• Yolu yalnız müəyyən olunmuş piyada keçidlərindən keçin;
• Qaranlıq və dumanlı hava şəraitində açıq və ya işıqəks etdirən geyimlərə üstünlük verin;
• Yolun hərəkət hissəsinə qəfil çıxmaqdan çəkinin;
• Unutmayın ki, dumanlı havada sürücünün sizi vaxtında görməsi çətinləşir”.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün hərəkət iştirakçılarını diqqətli olmağa çağırıb: “Bir anlıq ehtiyatsızlıq geri dönüşü olmayan nəticələrə səbəb ola bilər. Təhlükəsiz yol – birgə məsuliyyətdir”.
