yashat.gov.az portalının və 8110 Çağrı Mərkəzinin fəaliyyətə başlamasından 5 il ötür - FOTOLAR
Yanvarın 8-də “YAŞAT” Fondunun yashat.gov.az portalı istifadəyə verilib. Həmin tarixdə, həmçinin fondun 8110 Çağrı Mərkəzi fəaliyyətə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, bu günə qədər Çağrı Mərkəzinə 291 min 169 vətəndaş zəngi daxil olub, şəhidlərimizin ailə üzvlərinin və yaralıların ümumilikdə 93 min 16 müraciəti qeydiyyata alınaraq aidiyyəti üzrə yönləndirilib. Bunlardan 58 min 263-ü şəhidlərimizin ailə üzvlərinin, 34 min 753-ü isə yaralılarımızın müraciətləridir. 8110 Çağrı Mərkəzinə zənglər tam ödənişsizdir.
Xatırladaq ki, “YAŞAT” Fondu Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli 1203 nömrəli Fərmanına əsasən yaradılıb. Fond Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və şəhid olmuş şəxslərin ailə üzvlərinin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması məqsədilə təsis edilib.