Məişət zorakılığından zərər çəkmiş şəxslər uzunmüddətli mühafizə orderi üçün dövlət rüsumu ödəməkdən azad edilirlər
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təklifi əsasında məişət zorakılığından zərər çəkmiş şəxslərin hüquqlarının müdafiəsinin daha da gücləndirilməsi məqsədilə qanunvericiliyə mühüm dəyişiklik edilib.
Dövlət Komitəsindən NUHÇIXAN-a bildirilib ki, Azərbaycan Prezidenti tərəfindən təsdiq edilmiş Qanuna əsasən, “Dövlət rüsumu haqqında” Qanuna yeni 9.1.20-1-ci maddə əlavə olunub. Yeni dəyişikliklə məişət zorakılığından zərər çəkmiş şəxslər uzunmüddətli mühafizə orderinin verilməsi barədə məhkəməyə müraciət etdikdə dövlət rüsumu ödəməkdən azad edilirlər. Bu addım zərərçəkmiş şəxslərin hüquqi müdafiə mexanizmlərinə çıxışını asanlaşdırmaq, onların təhlükəsizliyini təmin etmək və məhkəməyə müraciət zamanı yaranan maliyyə maneələrini aradan qaldırmaq məqsədi daşıyır.
Qeyd olunan dəyişiklik məişət zorakılığı ilə mübarizə sahəsində həyata keçirilən ardıcıl dövlət siyasətinin tərkib hissəsi olmaqla, insan hüquqlarının müdafiəsinin gücləndirilməsinə və sosial ədalətin təmin olunmasına xidmət edir.
