Dil, kimlik və dövlətçilik: Prezident İlham Əliyevin strateji yanaşması

A- A A+

Cənab Prezidentin kütləvi informasiya vasitələrinə verdiyi müsahibələr Azərbaycanın müxtəlif sahələrini və ölkənin inkişaf strategiyası ilə bağlı əsas məsələləri əhatə edən geniş və sistemli baxışını ortaya qoyur.

Xüsusilə, cənab Prezidentin Azərbaycan dili ilə bağlı səsləndirdiyi fikirlər, dilə gətirdiyi məsələlər, həqiqətən də, günümüzdə qloballaşan dünyada dil məsələsinin nə qədər əhəmiyyətli və vacib bir faktor olduğunu bir daha vurğulamaqdadır. Qeyd etmək istəyirəm ki, cənab Prezidentimizin də dediyi kimi, dil yalnız bir ünsiyyət vasitəsi deyil, bir xalqın, bir dövlətin, bir millətin öz kimliyini, keçmişini və keçmişdən gələn bütün adət-ənənələrini günümüzə gətirib daşıyan çatdıran əsas faktordur. Azərbaycan dili Prezidentimizin də qeyd etdiyi kimi, atributlar içərisində ən önəmlilərindən biridir. Azərbaycan dövləti, Azərbaycan xalqı uzun müddət yadellilərin təcavüzünə məruz qalmasına, müxtəlif dövrlərdə əsarətdə yaşamasına baxmayaraq, bizim bir millət olaraq, bir dövlət, xalq olaraq böyüklüyümüzü göstərən əsas amillərdən biri bizim dilimizi qoruyaraq günümüzə qədər gətirib çıxarmağımız olmuşdur. Biz həqiqətən də, şahidik ki, müxtəlif ölkələr hər hansı bir dövləti və ölkəni işğal edərkən ilk olaraq onun dilinə və mədəniyyətinə hücum etməkdədir və bu hadisələr Azərbaycan xalqının müxtəlif dövrlərdə başına gəlməsinə baxmayaraq, Azərbaycan xalqı böyük bir xalq olaraq bunun öhdəsindən gəlmiş və Azərbaycan dilini, mədəniyyətini, cənab Prezidentimizin ifadə etdiyi kimi, günümüzə qədər gətirib çıxarmışdır. Bununla bərabər, bu gün yalnız Azərbaycanda yox, bütün dünyada, bütün dünya dövlətlərində qloballaşmanın təsiri daha çox dil faktoruna yansıyır Azərbaycan dilinin saflığının və təmizliyin qorunmasında bu gün həm ziyalılar, həm dilçilər, həm xalqımız, ələlxüsus da, jurnalistlər qarşısında konkret olaraq öhdəliklər qoyması, onlara yol göstərməsi çox təqdirəlayiq haldır. Və bu gün biz də bir dilçi olaraq, dilçi alim olaraq, yəni cənab Prezidentin Azərbaycan dilinin qorunması və gələcək nəsillərə saf şəkildə çatdırılması üçün Azərbaycan dilinin təmizlənməsi və ehtiyac olmadığı təqdirdə yad ünsürlərin dilimizə daxil olmasının qarşısının alınması üçün bir vəzifə, bir vətəndaşlıq borcu olaraq, əlimizdən gələni etməkdəyik.

Cənab Prezidentin dövlət başçısı kimi fəaliyyətə başladığı ilk illərdən etibarən dil məsələsinə xüsusi həssaslıqla yanaşması dövlət dilinin qorunması və inkişafı istiqamətində ardıcıl siyasətin formalaşmasına zəmin yaratmışdır. Hazırda ölkənin ali təhsil müəssisələrində müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələr üçün ( ixtisas və peşə fəaliyyətindən asılı olmayaraq) Azərbaycan dilinin öyrədilməsi tədris proqramlarının mühüm tərkib hissəsinə çevrilmişdir.

Məhz cənab Prezidentin rəhbərliyi dövründə həyata keçirilən təhsil islahatları nəticəsində bütün ixtisaslar üzrə təhsil alan tələbələrə Azərbaycan dilinin işgüzar və akademik kommunikasiya istiqamətlərini əhatə edən fənn ən azı bir semestr ərzində sistemli şəkildə tədris olunur. Bu yanaşma ali təhsilli kadrların ana dilində düzgün, məntiqli və peşəkar ünsiyyət bacarıqlarının formalaşmasına, eləcə də dövlət dilinin ictimai və elmi mühitdə funksionallığının genişlənməsinə xidmət edir.

Cənab İlham Əliyevin prezidentliyi dövründə dövlət qulluğu imtahanlarında iştirak edən şəxslərin ixtisas və peşələri bilikləri ilə yanaşı, Azərbaycan dili biliklərinin də yoxlanılması  məmurların, dövlət qulluqçularının özlərini Azərbaycan dilində ifadə etmə bacarıqlarının formalaşması baxımından çox əhəmiyyətli olmuşdur. Bütün bu məqamları ümumiləşdirərək qeyd etmək olar ki, cənab Prezidentin həyata keçirdiyi dil siyasəti keçmiş, bu gün və gələcək perspektivləri əhatə edən, aydın şəkildə formalaşdırılmış konsepsiya kimi çıxış edir. Sözügedən konsepsiya Azərbaycan dilinin qorunub saxlanılması, inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsi baxımından mühüm amildir.

Nicat Yaqubov

Naxçıvan Dövlət Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: