Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində şəxsi heyətin iştirakı ilə 31 mart- Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan “Qan yaddaşımız” adlı tədbir keçirilib. Əvvəlcə ölkəmizin suverenliyi, ərazi bütövlüyü, torpaqlarımızın azad olunması uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə Naxçıvan Qarnizonu tam orta məktəbinin direktoru, Əməkdar müəllim Natiq Əhmədov və Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik-leytenant Zaur Həmidov çıxış edərək bildiriblər ki, Azərbaycanlıların 1918-ci il mart soyqırımı bəşər tarixində ən qanlı və misligörünməmiş faciələrdən biri, 1905-1907-ci illərdə törədilən qanlı cinayətlərin davamıdır. Sovet hakimiyyəti qurmaq adı altında Bakıda hakimiyyəti ələ keçirən erməni daşnakları 1918-ci il mart ayının 30-31-i və aprelin 1-də bolşevik Rusiyasının hərbi yardımı ilə Azərbaycanın müxtəlif bölgələrində dəhşətli soyqırımı aktı həyata keçiriblər. Üç gün ərzində Bakı Kommunası, xüsusilə onun rəhbəri S.Şaumyan tərəfindən müdafiə edilən və istiqamətləndirilən ermənilər Bakı şəhərində 15 mindən artıq azərbaycanlını qətlə yetiriblər. Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunub. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə qətlə yetirilib, ermənilər evlərə od vurub, insanları diri-diri yandırıblar. Soyqırımı həyata keçirilərkən milli memarlıq inciləri, məktəblər, xəstəxanalar, məscid və digər abidələr də dağıdılıb, yaşayış məntəqələri xarabalığa çevrilib.
Qeyd olunub ki, törədilən vəhşiliklərə baxmayaraq erməni daşnaklarının soyqırımları Azərbaycan əhalisinin azadlıq əzmini və müqavimətini qıra bilməyib, düşmənə layiqli cavab verilib. Bu mübarizədə Naxçıvanın özünümüdafiə dəstələri də əsl vətənpərvər kimi döyüşüb, Naxçıvanın işğal olunmasına imkan verməyiblər.
Vurğulanıb ki, erməni vəhşiliklərinə əsl siyasi qiymət ulu öndərimiz Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanında verilib. Həmin fərmana uyğun olaraq hər il ölkəmizdə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi yad edilir. Bu tarix həm də xalqımızın əsarətə qarşı mübarizə, Vətənin müdafiəsi, ərazi bütövlüyümüz uğrunda qəhrəmanlıq tariximiz kimi xatırlanır.
Diqqətə çatdırılıb ki, bu gün dahi şəxsiyyətin yolunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanın milli problemlərinin beynəlxalq səviyyəyə qaldırılması, erməni vandalizminin ifşası istiqamətində əzmkar və qətiyyətli fəaliyyət göstərir. Ölkə başçısının rəhbərliyi ilə 1918-ci il 31 mart soyqırımına dair həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl işlər görülür.
Tədbirdə Heydər Əliyev adına Hərbi Liseyin kursantları və Naxçıvan Qarnizonu tam orta məktəbinin şagirdləri bədii kompozisiya ilə çıxış ediblər, soyqırımı əks etdirən və ordumuzun qüdrətindən bəhs edən video-çarxlar nümayiş olunub.
Nail ƏSGƏROV
"Şərqqapısı" qəzeti