Geyim sağlamlığımıza necə təsir edir - FOTOLAR
Günümüzdə qidalar kimi, geyimlərin də keyfiyyətli olması vacibdir. Son zamanlar keyfiyyətsiz parçalardan tikilən geyimlərin insan orqanizminə əks təsirləri artaraq alergiya, xoş və bədxassəli şiş xəstəliklərinin yaranmasına səbəb olur.
Bəs bundan necə qorunaq?
Mövzu ilə bağlı Yoluxucu Xəstəliklər Mərkəzinin, həkimi, dermatoveneroloq Nəzirə Cəmşidli ilə həmsöhbət olduq.
Həkim bildirdi ki, günümüzdə keyfiyyətsiz, sintetik paltarlar demək olar ki, kütləvi istehsal olunur. Onların tərkibində istifadə olunan kimyəvi məhsullar insan dərisinə yad cisim kimi qəbul olunaraq əks təsir göstərir. Bu da infeksiyon, göbələk, parazitar mənşəli xəstəliklər yarada bilir. Ən çox rast gəlinən xəstəliklər kontaktdermatitdir. Adıçəkilən xəstəlik zamanı dəridə qıcıqlanma yaranır. Dəridə xroniki allergik reaksiya varsa, bu xəstəliyin daha da şiddətlənməsinə səbəb olur. Bəzən xəstələrin müraciətini dinləyərkən, onlarda allergiya olmadığını, lakin istifadə etdiyi keyfiyyətsiz geyimin dəridə göstərdiyi əks təsirdən sonra yarandığını bildirirlər.
Sintetik geyimlərin törətdiyi xəstəliklərdən biri də infeksiyon xəstəliyidir. Bu geyimlərin hazırlanmasında sterilliyə nəzarət olunmalıdır. Geyimdən istifadə edən passiyentin bədənində açıq və ya xroniki yarası varsa, təbii olaraq, təmas zamanı ağır infeksiyalar yarana bilər. Bu zaman kontaktdermantit xəstəliyində olduğu kimi, geyimdən azad olmaqla xəstəlik sağalmır. Hətta iltahablaşma varsa, bu yayılaraq, bütün bədəni əhatə edir. Bu proses həmçinin daxili orqanlarda da müəyyən fəsadlara yol aça bilər. Belə hallarla qarşılaşmamaq üçün həkimə vaxtında müraciət etmək lazımdır.
Keyfiyyətsiz parçalardan tikilən geyimlərin istifadəsi zamanı yaratdığı xəstəliklərdən biri də parazitardır. Həmin paltarlardakı liflər, kimyəvi maddələrdə olan törədicilər geyimdən istifadə edən şəxsin bu xəstəliyə yoluxmasına şərait yaradır.
Sintetik tərkibli geyimlərin istifadəsi zamanı tərləmə halları çox olur. Bu da orqanizmdə, bakteriyalar, infeksiyalar və ən əsası göbələyin tərli mühitdə yaranmasına səbəb olur. Beləliklə birincili və ikincili göbələk tərkibli xəstəlik yaranır. Çünki orqanizmdə normalda müəyyən qədər göbələk lifləri var. Geyim narahat, hava keçirməyən və tərlədəndirsə, bu göbələk liflərini artıraraq çoxaldır və orqanizm xəstəliyə yoluxmuş olur. Bundan əlavə dərisi həsas, immuniteti aşağı və xroniki xəstəliyi olan şəxslərdə dəri çox zəif olur və istənilən təmasda dəri müəyyən maddələri özünə çəkə bilir. Bunun nəticəsində maddələr dəri vasitəsi ilə qana nüfuz edir və müxtəlif orqanlarda, ilk növbədə xoşxassəli, sonra bədxassəli şişlərin əmələ gəlməsinə səbəb olur.
Buna görə geyimləri alan zaman kətan, pambıq olmasına üstünlük verilməldir. İstər böyüklər, istərsə də uşaqların dərisi həsas olur. uşaqların dərisi həyat fəaliyyətində böyük rol oynayır, çünki günəş şüalarının təması ilə D vitamin sintezi bir başa dəri vasitəsilə qəbul edilir. Odur ki, günəş şüalarını keçirən və rahat nəfəs alınacağı geyimlər seçilib alınmalı və istifadə olunmalıdır.
Sağlamlığınızda xüsusi yeri olan geyimlərinizi düzgün seçərək, ailənizi və özünüzü qoruyun!
Səriyyə Salahova
Naxçıvan televiziyasının redaktoru